ABŞ-dəki seçki Rusiya-Ukrayna savaşını dayandıracaq? – AÇIQLAMAbackend

ABŞ-dəki seçki Rusiya-Ukrayna savaşını dayandıracaq? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki ildən çoxdur davam edən bu müharibədə Ukraynanın mübarizəsinə ən önəmli dəstəyi məhz ABŞ verir. İstər iqtisadi sahədə, istərsə də hərbi sahədə Ukraynaya edilən yardım onların uzun müddətdir ki, döyüş meydanında qalmasına təkan verir.

Lakin ABŞ-də prezident seçkisi yaxınlaşdıqca müzakirə obyekti olan önəmli məsələlərdən biri də Ukraynaya yardım məsələsidir. Donald Tramp bir sıra çıxışlarında Ukraynaya yardım məsələsində tərəddüd etdiyini dəfələrlə dilə gətirib.

Tramp prezident seçiləcəyi halda Rusiya-Ukrayna müharibəsinə təsiri necə olacaq? Bu seçim müharibəni sonlandıracaq?

Bu məsələ ilə bağlı politoloq Zeynal Əmrəliyev NOCOMMENT.az-a açıqlamasında qeyd edib ki, Ukraynaya yardım məsələsində respublikaçılarla demokratların arasında fikir ayrılığının olduğu məlumdur:

“Xüsusilə respublikaçıların içərisində Trampa bağlı olan qrup Ukraynaya yardım məsələsində bir qədər tərəddüd içərisindədir, yəni Ukraynaya yardım etmək istəmirlər. Onların Rusiya-Ukrayna müharibəsi ilə bağlı əsas siyasəti münaqişənin tezliklə bitməsidir. Bu da təbii olaraq Ukraynanın məğlubiyyəti ilə nəticələnə bilər. Hal-hazırki vəziyyətdə münaqişə dayanarsa bu Ukraynanın ziyanınadır. Trampın üzərinə götürdüyü əsas missiya müharibəni hazırki vəziyyətində dondurmaqdır. Bu da Vladimir Putinə sərf edəcək addımdır”.

Politoloq Rusiyanın bu məsələyə yanaşmasını da şərh edib:

“Rusiya əlində olan bütün vasitələrlə çalışır ki, Donald Tramp prezident seçilsin. Çünki istər Ukrayna məsələsində, istərsə də digər bütün məsələlər də Kremlə sərf edən variant Trampın prezident seçilməsidir. Buna görə də ABŞ-dəki seçkidə Tramp qalib gələcəyi ssenaridə Ukraynanı çətin günlər gözləyir. Məlumdur ki, Ukraynaya ABŞ-nin verdiyi çoxsaylı silahlar var ki, bu prosedur ABŞ Konqresi tərəfindən də təsdiq olunub və Bayden bununla bağlı qərar imzalayıb. Tramp prezident olacağı təqdirdə məhz həmin silahların verilməsinin dayandırılması ilə bağlı məsələ qaldırıla bilər və məncə belə də olacaq. Bununla da ABŞ müharibədə Ukraynanın əlini zəiflədə və Zelenskini atəşkəslə bağlı danışıqlar masasına oturmağa məcbur edə bilər. İndiki vəziyyətdə bu atəşkəs müqaviləsinin bağlanması Ukraynaya sərf etməsə də, ABŞ və digər Avropa dövlətlərinə sərf edir. Çünki Rusiya ilə iqtisadi əlaqələrin bərpası Avropa dövlətlərinin istəyidir. Buna görə də Avropa dövlətləri də münaqişənin tezliklə sonlanmasının tərəfdarıdır. Ukraynadakı hazırki vəziyyət bir çox Avropa ölkəsinin maraq dairəsində deyil. Onların əsas arzuladığı Rusiya ilə iqtisadi əlaqələrin bərpasıdır”.

“Bəli, ABŞ-də seçkilərdə demokratların hakimiyyətdə qalması Ukrayna hakimiyyətinin ən birinci istəyidir. Çünki Tramp prezident seçiləcəyi təqdirdə Ukraynanı çox çətin günlər gözləyə bilər,” – deyə politoloq qeyd edib.