ABŞ-nin Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı dekabrın sonunadək vaxt müəyyən etməsi və bu zəmanətlərin Trampdan sonrakı administrasiya dövründə də qüvvədə qala biləcəyi ehtimalı Vaşinqtonun Ukrayna siyasətində yeni mərhələyə keçid niyyətindən xəbər verir. Bu yanaşma ABŞ-nin həm Kiyevlə münasibətlərində, həm də Rusiya ilə mümkün danışıqlar fonunda strateji mövqeyini möhkəmləndirməyə hesablanmış addım kimi qiymətləndirilir.
Eyni zamanda, sözügedən zəmanətlərin hüquqi və institusional mexanizmlərlə nə dərəcədə möhkəmləndiriləcəyi, onların ABŞ-də hakimiyyət dəyişikliyi şəraitində davamlı olub-olmayacağı məsələsi açıq qalır. Bu amillər təhlükəsizlik zəmanətlərinin real müdafiə təminatı kimi işləkliyini və ya daha çox siyasi təzyiq və danışıqlar aləti funksiyası daşımasını müəyyən edən əsas meyarlardır.
Bəs, ABŞ-nin Ukraynaya təhlükəsizlik zəmanətləri vermək üçün dekabrın sonunadək vaxt tanıması və bu zəmanətlərin Tramp sonrası administrasiya dövründə də qüvvədə qala bilməsi Kiyev üçün real müdafiə təminatı hesab oluna bilərmi? Yoxsa bu, ABŞ-nin danışıqlarda mövqeyini gücləndirmək üçün siyasi təzyiq taktikasından başqa bir şey deyil?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Zeynal Fətulla qeyd edib ki, Ağ Ev Miladdan əvvəl tərəfləri sülh razılaşmasına doğru irəlilətməyə çalışır, lakin bu baş verməzsə, ABŞ-nin təhlükəsizlik zəmanətləri təklifi geri götürülə bilər:
“Ukraynanın ABŞ-nin təhlükəsizlik zəmanətləri təklifini qəbul etmək üçün cəmi bir neçə günü qaldığı bildirilir.
Prezident Donald Tramp və onun yüksək vəzifəli məmurları ilin sonuna qədər sülh razılaşmasına nail olunacağına ümid etdiklərini açıqlayıblar.
Bu mövqe Vaşinqtonun münaqişənin uzanmasında maraqlı olmadığını və məsuliyyəti tərəflərin üzərinə qoymaq niyyətində olduğunu göstərir. ABŞ rəsmiləri qeyd ediblər ki, Ukrayna və Rusiya münaqişənin qərarlaşdırılmasında şərh edilən şərti bölgələr barədə birbaşa müzakirələr aparacaqlar. Bu isə onu deməyə əsas verir ki, tərəflər danışıqlar yolu ilə qısa müddətdə ciddi kompromis əldə olunacağına böyük ümid bəsləmirlər.
Əksinə, prosesin mərhələli və uzunmüddətli olacağı, ilkin mərhələdə isə daha çox mövqelərin yoxlanılması ilə kifayətlənəcəyi ehtimal olunur”.
Şərhçinin sözlərinə görə, Avropa ölkələrinin liderləri isə Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı altı maddəlik bir plan irəli sürüblər:
“Bu plana Ukraynanın silahlı qüvvələrinin müharibədən sonra 800 min nəfərdən artıq olmayacaq şəkildə saxlanılması, Avropa tərəfindən idarə olunan çoxmillətli qüvvələrin yerləşdirilməsi, ABŞ-nin rəhbərlik edəcəyi atəşkəsin monitorinq mexanizmi, hüquqi baxımdan məcburi təhlükəsizlik zəmanətləri, Ukraynanın bərpası üçün genişmiqyaslı investisiyalar və Avropa İttifaqına üzvlüyünə güclü siyasi dəstək daxildir. Bu yanaşma Avropanın Ukraynanın təhlükəsizliyində daha fəal rol almaq niyyətini ortaya qoyur.”
Şərhçi qeyd edib ki, lakin ABŞ-nin Rusiya ilə birbaşa müharibəyə cəlb olunmaq qorxusu səbəbindən Ukraynanın NATO-ya qoşulması riskini üzərinə götürmək istəmədiyini nəzərə alsaq, Vaşinqtonun NATO zəmanətləri qədər möhkəm olan alternativ təhlükəsizlik zəmanətləri təklif etməyə niyə hazır olduğu aydın görünmür:
“Bu qeyri-müəyyənlik həm Ukrayna üçün strateji risk yaradır, həm də Qərb daxilində vahid mövqenin formalaşmadığını göstərir”













