ABŞ-da isti dalğasının təsiri ilə temperatur rekordu qırılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Milli Hava Xidməti açıqlama verib.
Xidmətin məlumatına görə, ölkənin 38 şəhərində temperatur rekordları qeydə alınıb.
Ötən gün Las-Veqasda 47,2 dərəcə ilə temperatur rekordu qırıldığı halda, Kaliforniyanın Ölüm Vadisində temperatur 53,9 dərəcəyə çatıb. ABŞ-ın cənub-qərb ştatı Arizonada 17 gün ərzində temperatur 43 dərəcədən aşağı düşməyib.
Səlahiyyətlilər, həssas insanların, o cümlədən uşaqlar, hamilə qadınlar və qocaların ciddi risk altında olduğuna dair xəbərdarlıq edərək, istidən narahatlıq ola biləcəyini qeyd ediblər. Ölkə üzrə səyyar klinikalar üçüncü dərəcəli günəş yanığından əziyyət çəkən evsiz insanları müalicə edib, Kaliforniya və Nevada ştatlarının bəzi yerlərində ictimai binalar insanların istidən qoruna biləcəyi “soyutma mərkəzləri”nə çevrilib.