“Forbes” jurnalının son analitik hesabatına görə, ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadası Vaşinqtona İkinci Dünya müharibəsindən bəri istifadə edilməyən qədim bir hüquqi mexanizm — “Mükafat məhkəmələri haqqında qanun” (Prize Law) vasitəsilə külli miqdarda qazanc gətirə bilər. Dəniz hüququnun və silahlı münaqişələrin tənzimlənməsi qaydalarının bu spesifik sahəsi müharibə şəraitində ələ keçirilən düşmən və ya neytral ticarət gəmilərinin rəsmən ələ keçirən dövlətin mülkiyyətinə keçməsini təmin edir.
Prosesin mahiyyətinə əsasən, blokada xəttini pozan və ya İrana qaçaqmal daşıyan hər hansı ticarət gəmisi ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanıldıqdan sonra ABŞ yurisdiksiyasında olan limana gətirilir və burada xüsusi “Mükafat məhkəməsi” qurulur. Əgər məhkəmə ələ keçirmə faktının qanuni olduğunu təsdiqləyərsə, həm gəmi, həm də onun içindəki milyonlarla dollar dəyərində olan neft və digər yüklər rəsmən ABŞ dövlətinin mülkiyyəti elan edilir ki, bu da dövlət xəzinəsinə gözlənilməz və böyük həcmdə maliyyə axını deməkdir.
NOCOMMENT.az xəbər verir ki, ekspertlər bu qanunun tətbiqinin təkcə iqtisadi dividend deyil, həm də strateji üstünlük yaradacağını vurğulayırlar. Çünki bu qanun təkcə İranın neft tankerlərinə deyil, həm də blokadanı pozaraq düşmən tərəflə ticarət edən neytral ölkələrin gəmilərinə də tətbiq edilə bilər. Lakin “Forbes” mütəxəssisləri eyni zamanda xəbərdarlıq edirlər ki, bu “mükafat” silahı ikitərəfli kəsərli alətdir və İran və ya onun müttəfiqləri də analoji addımlar ataraq regiondakı neytral gəmiləri ələ keçirib öz mülkiyyətlərinə qata bilərlər.
Bu ssenari qlobal ticarət üçün böyük xaos, sığorta xərclərinin kəskin artması və dəniz nəqliyyatında ciddi risklər vəd edir. Aprelin 12-də Prezident Trampın elan etdiyi dəniz blokadasından sonra ABŞ-ın artıq “Herby” və “Touska” kimi bir neçə mühüm İran tankerini ələ keçirməsi, onilliklərdir tozlu rəflərdə qalan “mükafat məhkəmələri”nin yenidən fəaliyyətə başlaması üçün zəmin yaradıb. Hazırda ABŞ dairə məhkəmələrinin bu işlərə baxacaqları və ələ keçirilən gəmilərin taleyi barədə tarixi qərarlar verəcəkləri gözlənilir.
Sara,
NOCOMMENT.az










