İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə nüvə danışıqlarının cümə günü Omanın paytaxtı Maskatda keçirilməsinin planlaşdırıldığını bildirib.
NOCOMMENT.az xəbər verir ki, A.Əraqçi bu barədə “X” hesabında yazıb.
Nazirin paylaşımına görə, görüşün cümə günü saat 10:00 radələrində Maskatda baş tutması nəzərdə tutulur. O, danışıqlar üçün lazımi hazırlıqların görüldüyünü qeyd edərək Oman tərəfinə təşəkkür edib: “Bütün lazımi tədbirləri gördüyünə görə Omanlı qardaşlarımıza minnətdaram”.
Xatırladaq ki, son günlər danışıqların formatı və məkanı ilə bağlı müxtəlif məlumatlar yayılmışdı. Əraqçının paylaşımı görüşün məhz Maskatda keçiriləcəyini təsdiqləyib.
Bu görüş iki ölkə arasında münasibətlərin yumşalmasına və bölgədə gərginliyin azalmasına real töhfə verə bilərmi, yoxsa bu, sadəcə taktiki addımdır?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Azər Hüseynovun sözlərinə görə, istənilən diplomatik görüşün özü belə, hansı formatda və hansı yanaşma ilə keçirilməsindən asılı olmayaraq, gərginliyin azalmasına az-çox töhfə verir:
“Xüsusilə İranla ABŞ arasında son vaxtlar müşahidə olunan qarşıdurmanın hərbi müstəvidən çıxıb danışıqlar masasına daşınması bu baxımdan diqqət çəkir. Danışıqların məhz Omanda keçirilməsi isə təsadüfi deyil və müəyyən regional narahatlıqların göstəricisi kimi oxunmalıdır. Yaxın Şərqdə bir sıra dövlətlər, xüsusilə bəzi ərəb ölkələri, mümkün hərbi eskalasiyadan, daha dəqiq desək, İranın hədəfə alınması ehtimalından ciddi şəkildə narahat idilər. Bu narahatlıq fonunda diplomatik kanalların işə salınması region üçün müəyyən rahatlama effekti yaratdı. Burada məqsəd təkcə iki tərəf arasında dialoq deyil, eyni zamanda daha geniş miqyasda qeyri-müəyyənliyin qarşısını almaq idi”.
Şərhçi qeyd edib ki, digər tərəfdən, ABŞ-nin öz daxilində son dövrlər yaşadığı problemləri də gözardı etmək olmaz:
“Miqrasiya polisi ilə cəmiyyət arasında yaranan gərginliklər, sosial narazılıqlar, eləcə də Epşteyn dosyeləri ətrafında yenidən gündəmə gələn qalmaqallar Vaşinqtonun xarici siyasətdəki təzyiq imkanlarını müəyyən qədər zəiflədib. Bu vəziyyət ABŞ diplomatiyasının əvvəlki qədər sərt və diktəedici mövqedən çıxış etməsini çətinləşdirir. Məhz bu kontekstdə İranın danışıqların özünə daha uyğun hesab etdiyi məkanda – yəni Omanda keçirilməsinə nail olması diqqətəlayiqdir. Bu, tərəflər arasındakı güc balansının incə şəkildə dəyişdiyini də göstərir. Hər halda, danışıqlar prosesinin başlanması və davam etməsi, mövzuların masa arxasında müzakirə olunması ümumi gərginliyin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır və Yaxın Şərq üçün ən azı qısamüddətli sabitlik ümidini canlı saxlayır”.
Tunar









