Birləşmiş Ştatlar İran və terrorçuluqla əlaqəli şəxslərə qarşı yeni sanksiyalar paketi elan edib.
NOCOMMENT.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin məlumatına əsasən, məhdudiyyətlər yeddi İran vətəndaşına və azı bir təşkilata şamil olunub.
Sanksiya siyahısına, xüsusilə, hüquq-mühafizə orqanlarına nəzarət edən İranın daxili işlər naziri Eskandar Momeni daxil edilib. ABŞ Maliyyə Nazirliyi bildirib ki, bu strukturlar minlərlə dinc etirazçının ölümünə görə məsuliyyət daşıyır.
Eyni zamanda, Vaşinqton İranlı investor Babək Morteza Zəncanini də sanksiyaya məruz qoyub. O, neft ixracından əldə olunan milyardlarla dollar gəlirin mənimsənilməsində və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli layihələrin maliyyələşdirilməsində ittiham olunur.
ABŞ-nin maliyyə naziri Skott Bessent qeyd edib ki, İran hakimiyyəti neft gəlirlərini ölkənin inkişafına deyil, nüvə proqramının, raketlərin və “terrorçu proksi”lərin dəstəklənməsinə xərcləyir. Onun sözlərinə görə, prezident Donald Tramp administrasiyası sanksiyalardan yayınma sxemləri, o cümlədən rəqəmsal aktivlərdən istifadə edən korrupsiyalaşmış şəbəkələrə və elit qruplara qarşı təzyiqləri davam etdirəcək.












