ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ramşteyn Hərbi Hava Bazasında keçirilən Ukrayna Müdafiə Əlaqə Qrupunun iclasında Ukraynaya hərbi yardımı artırmağa çağırıb.
NOCOMMENT.az xəbər verir ki, 50-yə yaxın ölkənin, həmçinin Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın da iştirak etdiyi görüşə Ukrayna Prezidenti Vladimir Zelenski videokonfrans üsulu ilə qoşulub.
İclasda açılış nitqi ilə çıxış edən ABŞ-ın müdafiə naziri Lloyd, “Biz çox təlatümlü bir zamanda bir araya gəlirik. Amma bu cədvələ baxsanız, Əlaqə Qrupunun qətiyyətini və birliyini görərsiniz. Təxminən 50 ölkə Ukraynaya özünü müdafiə etmək və gələcək təhdidlərin qarşısını almaq üçün işə qoşulub”.
“Vladimir Putin 11 ay əvvəl heç bir səbəb olmadan işğala başlayanda fikirləşdi ki, Ukrayna sadəcə yerlə bir olacaq və dünya buna baxacaq. Amma Putin Ukrayna xalqının cəsarətini, Ukrayna ordusunun məharətini, Zelenskini və bu stolun ətrafında olanları nəzərə almayıb. Amma biz sürətimizi və əzmimizi qorumalıyıq. Biz daha da dərinə getməliyik. İndi dünya və Ukrayna üçün həlledici məqamdır. Ona görə də səhv etməməliyik. Biz sona qədər Ukraynanın özünümüdafiəsini dəstəkləyəcəyik”, – deyə o bildirib.