ABŞ-nin 84 ildir unutmadığı qətliam: 2403 hərbçiyə məzar olan Mirvari Liman – FOTOLARbackend

ABŞ-nin 84 ildir unutmadığı qətliam: 2403 hərbçiyə məzar olan Mirvari Liman – FOTOLAR 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabr ayı şaxtalı-ayazlı günləri ilə deyil, həm də münaqişə, qarşıdurma, kütləvi ölümlər, böyük faciələr, tarixə qanla yazılan müharibələrlə yaddaşlara düşüb.

Bir neçə gün əvvəl ABŞ-də 84 il əvvəl baş vermiş bir faciənin ildönümünü kədərlə qeyd etdilər. Bu hadisə ABŞ-ni İkinci Dünya Müharibəsinə aparan mühüm bir hadisə idi.

NOCOMMET.az xəbər verir ki, 1941-ci il dekabrın 7-də ABŞ-nin Havay adalarındakı hərbi dəniz qüvvələri Yaponiyanın hücumuna məruz qalıb. Pörl Harbor və ya Mirvari Liman adlı yerdə baş verənlər hazırda eyniadlı məşhur Hollivud filminin mövzusu olub.

1941-ci ilin sakit dekabr səhərində nə baş vermişdi?

Bazar günü – 17 dekabr saat 8-də Mirvari Limandakı Amerika dəniz qüvvələri gözlənilmədən yaponlar tərəfindən bombardman edilir. Yaponiya təyyarələrinin 45 dəqiqə çəkən iki dağıdıcı hücumu nəticəsində ABŞ-nin 12 döyüş gəmisi ciddi şəkildə zədələndi və ya batırıldı, 188 qırıcı təyyarəsi məhv edildi, 2403 ABŞ əsgəri və 68 mülki vətəndaşı öldü. Onların yarısından çoxu ilk 15 dəqiqə ərzində “Arizona”, “Oklahoma” və “Yuta” hərbi gəmilərinin bombardmanı nəticəsində həlak olur.

Yaponlar hücuma hərtərəfli hazırlaşmışdılar. Onlar bilirdilər ki, bazar günü səhər ABŞ hərbi gəmiləri limanda dayanacaq, dənizçilər döyüş hazırlığı vəziyyətində olmayacaqlar. Yapon təyyarəçiləri Mirvari Limanın xəritə və modellərini əzbər öyrənmişdilər.

Həmin səhər havaya 189 yapon qırıcısı və bombardmançısı qalxmışdı. Hər atılan bomba hədəfə dəyirdi.

Məqsəd Sakit okeanda Amerikanın gücünü zəiflətmək, Yaponiyanın Cənubi Asiyadakı işğal planlarına maneəni aradan qaldırmaq idi.

2024-cü ildə USS Arizona döyüş gəmisinin sağ qalan kvartalmeyster və sonuncu şahidi 102 yaşında olan Lou Konter Kaliforniyadakı evində ürək çatışmazlığından dünyasını dəyişdi. Konter düz 83 il həmin döyüşü mediada xatırladaraq onun unudulmasını önləmişdi. O, döyüşün 13-cü dəqiqəsində bir bombanın polad göyərtələri necə deşdiyini və aşağıda saxlanılan 1 milyon funtdan (450.000 kiloqram) çox barıtın necə partladığını xatırladırdı: “Uşaqlar oddan qaçıb kənarlardan tullanmağa çalışırdılar. Amma dənizin hər yerində yanğınlar vardı”.

Qisas almağa tələsməyən ABŞ-nin agörünməmiş qisası

Müharibə zamanı Almaniyadan qaçan atomçu alimlər əvvəl Böyük Britaniyada, sonra isə Amerikada sığınacaq tapmışdılar. ABŞ ordusu onları bir araya gətirib Meksika dağlarında atom bombası yaratmaq üçün “Manhetten” adlı gizli layihə hazırlayırdı. Faşistlərə qarşı silah kimi nəzərdə tutulan atom bombası 1945-ci ilin yazında, demək olar ki, hazır idi. Almanlar mayın 8-də təslim olanda artıq aydın idi ki, kütləvi qırğın silahı Amerikanın digər əsas düşməni Yaponiyaya qarşı yönəldiləcək.

Lakin Amerikanı müharibəyə qatan və gizli atom bombası layihəsinə icazə verən Prezident Franklin Ruzvelt hadisələrin dönüş nöqtəsində, infarktdan vəfat etdi. Ağ evə onun vitse-prezidenti Harri Trumen keçdi. Trumenin gizli atom layihəsindən xəbəri yox idi. Ona məlumatı Ruzveltin ölümündən iki həftə sonra açıqladılar.

Tarixçilərin yazdığına görə, Trumen ABŞ-nin dağıdıcı silahının qüvvəsini əvvəlcə yaxşı anlamamışdı. Vaxtilə topçu olan Trumen atom silahını, sadəcə, çox böyük bomba kimi təsəvvür edirdi. Lakin ətraflı izahatdan sonra Prezident Amerikanın nəyə malik olduğunu başa düşdü. Sovet İttifaqı faşistləri məğlub etdikdən sonra Harri Trumen çıxışında demişdi: “Qərbdə əldə edilən qələbə indi Şərqdə əldə olunmalıdır”.

Şərqdə Yaponiya Böyük Britaniya və Amerika qüvvələri tərəfindən mühasirədə idi. Lakin yapon əsgərləri amansızcasına döyüşürdülər. Prezident Trumenin dəniz qüvvələri üzrə müşaviri Corc Elsi xatırlayır: “Yaponların nəinki əsgərləri, hətta mülki şəxsləri də döyüşə hazır idilər. Onları bambuk çubuqlarını itiləyib amerikalı əsgərləri öldürməyə öyrədirdilər. Həyatlarını qurban verməkdən qorxmurdular. Yaponiya imperatoru naminə hər şeyə hazır idilər”.

ABŞ-də Yaponiya əleyhinə təbliğat gündən-günə artır, imperator Hirohitonun adı Hitler və Mussolini ilə yanaşı çəkilirdi. Hamıya aşılanırdı ki, Mirvari Limanda bir neçə saat ərzində 2500 nəfəri qətlə yetirən yaponlar ABŞ-ni zəbt etsələr faciə ağlasığmaz olacaqdır.

Nəhayət 4 ildən sonra ABŞ “qisas qiyamətə qalmasın” deyib, yaponları cəzalandırmaq məqsədi ilə dəhşətli bir planı həyata keçirdi.

Belə ki, 6 avqust 1945-ci il tarixində ABŞ-nin “B29 Enola Gay” təyyarəsi Uran 235 tipli “little boy” (balaca oğlan) adı verilən 15 min ton TNT-lik atom bombasını günahsız Xirosima sakinlərinin üzərinə atdı. 1945-ci ilin sonuna qədər atomdan ölənlərin sayı 140 mini keçir.

“Enola Gay” təyyarəsi isə hal-hazırda Amerika Birləşmiş Ştatlarının Aviasiya və Kosmonovtika Milli Muzeyində saxlanılır.

 

Əntiqə Rəşid