ABŞ-nin Bakıya göndərəcəyi hərbi texnika, xüsusilə sahil-mühafizə katerləri regionda maraq doğurur. Rəsmi Bakı bu yardımı Azərbaycan sərhədlərinin, o cümlədən Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi ilə izah edir.
Analitiklər isə bildirirlər ki, bu hərbi dəstək yalnız Rusiya və İranın potensial təhdidlərinə qarşı deyil, eyni zamanda Pentaqonun Xəzərdə strateji maraqlarını gücləndirmək məqsədi daşıya bilər. Qeyd edək ki, ABŞ bundan əvvəl də bu tip katerləri Azərbaycana göndərmişdi və bu, Vaşinqton-Bakı hərbi əməkdaşlığının davamlılığını göstərir.
Məsələ ilə bağlı NOCOMMENT.az –a danışan politoloq Ramiyə Məmmədova deyib ki, ABŞ-nin göndərdiyi sahil-mühafizə katerləri iki ölkə arasında əldə edilən hərbi əməkdaşlıq sazişi ilə bağlıdır:
“Bu katerlər öz sinfinin ən yaxşılarıdır və həm sərhəd mühafizəsi, həm də neft ərazilərinin təhlükəsizliyi baxımından müsbət töhfələr verə bilər. ABŞ üçün əslində Bakının bu sahədə güclənməsi strateji əhəmiyyət kəsb edir, çünki İran və Rusiyanın Xəzər dənizində güclənməsi Vaşinqtonun maraqlarına uyğun deyil. ABŞ buna görə Azərbaycanı gücləndirir, beləliklə gələcəkdə üzləşə biləcəyi risklərdən sığortalanır.
Azərbaycan ABŞ üçün Xəzər dənizində və Cənubi Afrika regionunda ən etibarlı tərəfdaşdır. Düzdür, göndərilən katerlər Bakının hücum strategiyası üçün nəzərdə tutulmayıb; yəni onlar müdafiə xarakterlidir. Əslində ABŞ-ın istədiyi də məhz budur. Bu əməkdaşlıq gələcəkdə daha da inkişaf edəcək”.
Atilla Rzasoy












