ABŞ-nin siyasəti dünyada və Cənubi Qafqazda sülhə deyil, gərginliyə xidmət edirbackend

ABŞ-nin siyasəti dünyada və Cənubi Qafqazda sülhə deyil, gərginliyə xidmət edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ əvvəllər Azərbaycanda müxalifəti dəstəkləyirdisə indi bunun işə yaramadığı qənaətinə gələrək müxtəlif antimilli qrupları, o cümlədən milli dəyərlərə zidd olan LGBT, feministləri dəstəkləyir, 44 günlük müharibədə çalınan qələbəni gözdən salmağa cəhd edir.

ABŞ Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olmasında maraqlı deyil. Vaşinqtonda keçirilən son görüşdə Ağdam-Xankəndi yolunun açılması barədə razılıq əldə olunsa da yolun açılmasına mane olan, Ermənistan rəhbərliyinə və Qarabağdakı separatçılara müqavimət göstərilməsi və razılaşmanı pozması ilə bağlı tapşırıq verən ölkə də elə ABŞ-nin özüdür.

Nurəddin Mehdiyev

ABŞ onun sözü ilə oturub-durmayanları hədəfə alır, separatçıları və terroru dəstəkləyir. Ermənistan-ABŞ hərbi təlimlərinin keçirilməsi də yalnız bölgədə gərginliyin yüksəldilməsinə xidmət edir. Faktiki olaraq ABŞ Fransa ilə birlikdə Qarabağda yaşayan ermənilərin reinteqrasiyasına imkan vermir, sülh müqaviləsinin bağlanmasına və sülh prosesinə mane olur.

ABŞ-nin riyakar siyasəti ilk növbədə Ermənistana və onun xalqına ziyan vuracaq. Aparılan siyasət bölgədə tarixən marağı olan Rusiyanın qıcıqlanmasına, gərginliyə, Ermənistanın poliqona çevrilməsinə gətirib çıxaracaq. Bir növ Ukraynada baş verən hadisələr Ermənistanda da təkrar oluna bilər. Ermənistan da Ukraynadan sonra ABŞ-nin növbəti qurbanına çevriləcək. ABŞ-ni geosiyasi maraqlarını təmin etməkdən və yeni pullar qazanmaqdan başqa heç nə düşündürmür. Bu “xoşbəxtlik” isə digər xalqların bədbəxtçiliyi üzərində qazanılır. Bu gün Ukrayna xalqının gözüyaşlı qalmasının, Ukrayna şəhərlərinin xarabalığa çevrilməsinin əsas səbəbi də ABŞ-nin “xoşbəxtlik” uğrunda apardığı siyasətdir. 2008-ci ildə Gürcüstandakı müharibəni yada salaq. Gürcüstanı Rusiya ilə müharibəyə həvəsləndirən ABŞ sonradan Gürcüstanı meydanda Rusiya ilə üz-üzə tək qoyub.

ABŞ-nin Əfqanıstanda Taliban vasitəsilə oynadığı oyunlar nəticəsində bu ölkənin xalqları sabaha inamlarını itiriblər. “Ərəb baharı” adı altında inqilab ssenarilərinin həyata keçirilməsi ilə bir sıra Yaxın Şərq ölkələrində faktiki ABŞ hakimiyyəti bərqərar olmuşdur. Bu inqilablar Yaxın Şərq xalqlarına bədbəxtçilik və xaosdan başqa heç bir şey gətirməyib.

ABŞ yaratdığı FETO terror təşkilatı vasitəsilə 2016-cı ildə Türkiyədə çevriliş etmək istəsə də bu Türkiyə rəhbərliyinin və xalqının əzmi və qətiyyəti nəticəsində baş tutmayıb. Bununla da Türkiyənin inkişafının qarşısını kəsmək istəyən ABŞ-nin arzuları həyata keçməyib. ABŞ Yunanıstanı, PKK terror təşkilatını silahlandırmaqla Türkiyəni təhdid etməkdə davam edir.

Azərbaycan ABŞ-nin bölgədə həyata keçirdiyi geosiyasi və iqtisadi oyunlarından ziyan çəkmiş ölkədir. Keçmiş ATƏT Minsk qrupunun həmsədri kimi ABŞ 30 il ərzində ikili oyunlar oynayıb, birbaşa və ya dolayı yolla Azərbaycanın öz torpaqlarını Ermənistan işğalından azad etməsinə mane olub. Azərbaycana qarşı müxtəlif sanksiyalar tətbiq edib, ABŞ-dəki erməni lobbisinin Azərbaycan əleyhinə fəaliyyətinə şərait yaradıb. Azərbaycanda müxtəlif zamanlarda hakimiyyət çevrilişlərinin reallaşdırılması cəhdlərinə dəstək olub. Azərbaycanda fəaliyyət göstərən QHT sektorunun mənsublarını, medianı siyasi oyunlara cəlb edib, onları “demokratiyaya dəstək” adı altında maliyyələşdirib. Məqsəd ABŞ hegemonluğunu Azərbaycanda bərqərar etmək və özünə itaətkar hakimiyyət formalaşdırmaq olub. Lakin bütün bu cəhdlərə baxmayaraq, Azərbaycanda iqtidar-xalq birliyi nəticəsində oyunlar pozulub, ABŞ-nin niyyətləri baş tutmayıb.

Bu gün Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının tam əksəriyyəti ABŞ-nin Cənubi Qafqazda həyata keçirdiyi çirkin siyasəti və oyunları pisləyir, Azərbaycan iqtidarının ölkəmizin inkişafı naminə həyata keçirdiyi siyasəti dəstəkləyir və həmişə dəstəkləyəcək. Azərbaycanın sabitliyi və inkişafı bütün bölgə ölkələrinin sabitliyi üçün mühüm amildir.

Nurəddin MEHDİYEV,
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin
Müşahidə Şurasının üzvü