Ermənilər yeni utopik xülyalara qapılıblar; politoloq isə deyir ki…
ABŞ-Rusiya münasibətlərində ilıqlaşma Ermənistan hakim çevrələrində müəyyən çaşqınlıq və ehtiyatlılıq yaradıb. Bu fonda üstəlik, sabiq prezident, Xocalı hərbi canisi, Putinin dostu Robert Köçəryanın peyda olaraq İrəvanda geniş mətbuat konfransı keçirərək, həm iqtidarı, həm də Qərbi asıb-kəsməsi, Rusiyanı isə öyməsi əlavə suallar doğurub. Lakin fərqli mövqedə olanlar da var. Məsələn, özünü türkoloq sayan revanşist Vaqujam Gegamyan hesab edir ki, Türkiyənin Ukrayna böhranı ilə bağlı ABŞ və Rusiya arasında neytral məkan qismində seçilməməsi kapitulyant ölkə üçün hansısa yeni imkan pəncərəsi açıb və qalır rəsmi İrəvanın ondan istifadəsi.
“Məncə, mühüm detallardan biri odur ki, Türkiyə faktiki olaraq neytral ölkə statusunu itirib və o səbəbdən münaqişədə vasitəçi statusundan məhrum olub. Halbuki 2022-2023-cü illərdə problemlərin həlli üçün əsas vasitəçi Ankara idi. İndi vəziyyət dəyişib. Türkiyə öz rolunu Səudiyyə Ərəbistanına verib. Bu, Ermənistan üçün yaxşı xəbərdir, çünki bu, Türkiyəni xarici siyasət məsələlərində geniş manevr meydanından məhrum etməklə yanaşı, Ankaranın Moskva üçün rolunun azaldığını və ikitərəfli münasibətlərdə gərginlik yaşandığını göstərir”, – “türkoloq” yazıb. Revanşist erməni türkoloq ardınca əsas arzusunu dilə gətirir: “Bütün bunlar bir sıra digər faktlarla birlikdə Türkiyənin Cənubi Qafqazdakı rolunun nisbi məhdudluğu baxımından müəyyən nikbinliyə əsas yaradır. Təbii, bu o demək deyil ki, bizə qarşı təhdidlər avtomatik şəkildə aradan qalxacaq. Bununla belə, onlara qarşı dirəniş imkanları artır, milli qüvvələr bundan yararlanmalıdır”. ABŞ-Rusiya barışığı doğrudanmı Ermənistana Azərbaycan və Türkiyəyə qarşı şans pəncərəsi aça bilər?
Oqtay Qasımov
NOCOMMENT.az xəbər verir ki, politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan mediasında bu tipli iddiaları zaman-zaman görməkdəyik: “Onlar hər bir hadisədən Ermənistanın xeyirinə nələrsə görməyə çalışırlar. Məhz Rusiya-Amerika yaxınlaşması Ermənistanda əslində müəyyən ehtiyatlılıq yaradıb. Nikol Paşinyanın da konstitusiya ilə bağlı məlum açıqlaması onu göstərir ki, Paşinyanın özü də Rusiya-ABŞ dialoqunun başlanmasından müəyyən narahatlıq keçirir və Tramp administrasiyasının əsas prioritetinin heç də Cənubi Qafqaz olmayacağını və Co Bayden adminstrasiyası ilə Ermənistanın imzaladığı məlum memorandumun yaxın perspektivdə işlək vəziyyətdə olmayacağı qənaətinə gəlib. Şübhəsiz ki, Rusiyanın masaya qayıtması və onun tərəf müqabili kimi qəbul edilməsi onun həm izolyasiyadan çıxmasına, eyni zamanda yenidən real güc mərkəzi kimi qəbul olunmasına səbəb ola bilər”.
Ekspertin fikrincə, doğrudur, proseslər hələlik ilkin mərhələdədir və necə yekunlaşacağı ilə bağlı qəti bir fikir söyləmək çətindir: “Çünki Amerikanın əsl məqsədlərinin nədən ibarət olacağı və Rusiya ilə yaxınlaşmadan hansı güzəştləri alacağı ilə bağlı hələlik dəqiq məlumatlar yoxdur. O ki qaldı ermənilərin Türkiyənin vasitəçilik imkanları ilə bağlı iddialarına, bu bir manipulyasiyadır. Sadəcə olaraq onlar bu tipli tezislərlə Nikol Paşinyanı ittiham etməyə çalışırlar ki, guya o, Türkiyə ilə yaxınlaşmağa çalışıb və nəticədə Türkiyə bölgədəki proseslərdə əsas vasitəçi olub. Halbuki 2022-2023-cü illərdə Azərbaycanla Ermənistan arasında proseslərdə daha çox Rusiya və Qərb vasitəçi rol oynamışdı. Ondan sonrakı dönəmdə isə ikitərəfli danışıqlar formatı işə düşüb”.
Politoloq düşünmür ki, ABŞ-Rusiya yaxınlaşması Türkiyənin mövqeyini Cənubi Qafqazda və ümumiyyətlə bütün regionda zəiflədib: “Əksinə, Türkiyənin mövqeyi kifayət qədər güclənib. Suriyada baş verənlər Türkiyənin gücünü ortaya qoydu. Hazırda Türkiyə həm Rusiya, həm də Amerika ilə dialoq halındadır. Həm yaxın Şərqdə, həm də Cənubi Qafqazda əsas güclərdən biri Türkiyədir. Hətta ermənilərin xəyal etdiyi kimi, Türkiyənin mövqeyi müəyyən qədər zəifləyəcəksə belə, bu o demək deyil ki, ermənilərin bu prosesdə uduşu var. Çünki Ermənistanın və onun arxasında dayanan qüvvələrin əsas rıçaqları əllərindən çıxıb. Yəni 30 il ərzində işğal altında saxladıqları Azərbaycan əraziləri azad olunub, işğal faktına son qoyulub. O baxımdan, ermənilərdə indi utopik xülyalar müəyyən qədər özlərinə təskinlik vermək məqsədi daşıyır və böyük ölçüdə nə Rusiya, nə də Amerika gəlib ermənilərin əvəzindən bölgədə vuruşub onların məsələlərini həll edəcəklər”.