ABŞ xəbərdarlıq edib ki, Rusiya ilə əməkdaşlığa davam edən ölkələr Rusiya banklarına hərbi sənaye kompleksini dəstəkləyən malların tədarükünü maliyyələşdirmək üçün filiallar açmağa icazə verərsə, ikinci dərəcəli sanksiyalara məruz qala bilərlər.
NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo “Financial Times”a müsahibəsində deyib.
O qeyd edib ki, bu addım Rusiyanın sanksiyalardan yan keçməsini, xüsusən də silah istehsalında istifadə olunan ikili təyinatlı malların ödənişini çətinləşdirməyə yönəlib.
“Biz təkcə yeni filiallara qarşı deyil, həm də ölkənizdə onlarla əməkdaşlıq edən digər təşkilatlara və şirkətlərə qarşı da hərəkət edəcəyik”, – deyə Adeemo vurğulayıb.
Ağ Evin 2023-cü ilin dekabrında verdiyi sərəncamda xarici maliyyə qurumları Rusiya hərbi-sənaye kompleksi ilə bağlı əməliyyatlarda iştirak edərsə və ya onlara yardım edərsə, ikinci dərəcəli sanksiyalar riski barədə xəbərdarlıq edirdi. İyun ayında sanksiyalara məruz qalan qurumların dairəsi Rusiyanın sanksiya tətbiq etdiyi istənilən təşkilatı əhatə edəcək şəkildə genişləndirildi.
Adeemo onu da qeyd edib ki, Çin, Türkiyə və BƏƏ-nin iri bankları rusiyalı həmkarları ilə əməkdaşlıqdan imtina etdikdən sonra ABŞ diqqətini digər ölkələrdəki kiçik banklara çevirib.
Onun sözlərinə görə, iri bankların əksəriyyəti Qərb ölkələrinin təzyiqi ilə geri çəkilib.
“Onlar ABŞ, Aİ, Böyük Britaniya və koalisiyanın digər üzvləri ilə Rusiya ilə müqayisədə daha fəal iş aparırlar, onlar dollar, avro, funt və ya iyena çıxışını itirmək istəmirlər”, – deyə o, yekunlaşdırıb.