
Fevralın 19-da axşam saatlarında İrəvanda İsakov prospektində, ABŞ səfirliyinin qarşısında avtomobil partlayıb, ardınca yanğın baş verib. Yanğınsöndürmə briqadalarının işi başa çatana qədər diplomatik nümayəndəlikdən Qələbə körpüsü istiqamətinə olan yolda nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Hüquq-mühafizə orqanları avtomobil sahibinin və sürücünün şəxsiyyətini müəyyənləşdirirlər.
Ekspertlər iddia edirlər ki, hadisə terror ola bilər. Xüsusilə bunun Ermənistanın Qərbə yaxınlaşması, ABŞ ilə münasibətlərin normallaşması və Bakı ilə sülhə yaxınlaşmasına reaksiya olduğu deyilir.
Məsələ ilə bağlı NOCOMMENT.az -a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, hadisənin təfərrüatları bəlli olmasa da, bunu Rusiyanın ABŞ-yə mesajı kimi qiymətləndirmək mümkündür.

Onun fikrincə, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Ermənistana səfərindən sonra İrəvan Rusiyanın icarəsində olan dəmiryolları məsələsi ilə bağlı sazişi ləğv etmək niyyətini ortaya qoydu:
“Bu, təbii ki, iqtisadi yox, strateji məsələ olduğu üçün Rusiya rəsmiləri tərəfindən də narazılıqla qarşılanıb.
Rusiya ABŞ-nin idarəçiliyində olacaq TRIPP layihəsində yer almaq istəyini ifadə edib. Amma Ermənistan parlamentinin sədri Simonyan bunun mümkün olmayacağını qətiyyətlə bildirdi. Təbii ki, dəmiryolları məsələsinin qaldırılması İrəvanın deyil, Vaşinqtonun iradəsidir. Görünən odur ki, Vaşinqton TRIPP layihəsində hələ ki Rusiyanın iştirakını istəmir. Baxmayaraq ki, burada 3-cü ölkələrin iştirakı nəzərdə tutulur. Böyük ehtimalla sonrakı mərhələdə burada Azərbaycan və Türkiyənin yer alması daha çox inandırıcıdır”.
Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, 2038-ci ilə qədər olan dəmiryolları müqaviləsinin ləğv edilməsi Rusiyanın Ermənistanda strateji maraqlarına cavab vermir:
“Belə olan halda Rusiyanın Ermənistana nəzarət imkanları məhdudlaşır. Sülh prosesinin uğurla yekunlaşması isə Ermənistanın Rusiyadan asılılığının ciddi şəkildə azalacağı deməkdir.
Onu da nəzərə almalıyıq ki, Rusiya Ukrayna məsələsində Vaşinqtonun dəstəyinə ehtiyac duyur. Əgər Vaşinqton Ukraynaya ciddi dəstək versə, eyni zamanda sanksiyalara qoşulsa, Moskva çətin duruma düşə bilər. Təkcə “Lukoyl” və “Rosneft”ə tətbiq edilən sanksiyalar Rusiya iqtisadiyyatına zərər verir. Ona görə də Rusiya ilə ABŞ arasında sövdələşmələrin olma ehtimalı istisna edilməsə də, Rusiya bölgədə qalma niyyətini ortaya qoyur.
Buna görə də, Moskva bu tipli addımlarla Vaşinqtona Rusiyanın iştirakı olmadan bölgədə sabitliyin mümkün olmayacağı mesajını verə, digər istiqamətlərdə ABŞ-dan dəstək ala bilər”.
Atilla Rzasoy













