ABŞ Türkiyəyə qarşı hərəkətə keçdi:  Qalmaqalbackend

ABŞ Türkiyəyə qarşı hərəkətə keçdi: Qalmaqal

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə bankları və müəssisələri Rusiya təşkilatları ilə iş apardıqları üçün sanksiya və G7 ölkələrinin bazarlarına giriş qadağası ilə üzləşə bilərlər. Bunu ABŞ maliyyə nazirinin müavini Brayan Nelson deyib. Bundan əvvəl də ABŞ-dan Türkiyəyə Rusiya mülki aviasiyasına texniki xidmət göstərməkdən imtina çağırışı gəlmişdi və sanksiya ilə hədələnmişdi. 

NOCOMMENT Globalinfo-ya istinadən xəbər verir ki, Politoloq Turab Rzayev bildirib ki, bütün bu proseslər getdikcə Qərbin, xüsusilə ABŞ-ın Rusiya ilə müəyyən mərhələlərdə indiyə qədər göz yumduğu əməkdaşlıqlara artıq göz yummaq niyyətində olmadığını göstərir:

“Belə ki, Qərb total şəkildə Rusiyanın neft və qaz sənayesinə, bir çox məhsullarına embarqo tətbiq edir və getdikcə bu sanksiyaları sərtləşdirir. Məsələn, əvvəlcə neft məhsullarının, təbii qazın, daş kömürün alınmasına icazə vardı. Sonra onların idxalını azaldaraq maksimum qiymət təyin etdi. Neft məhsullarına 100 dollar, neftin özünə 60 dollar və s. Bu məhsullara əvəz tapdıqca, sanksiyalar məsələsini gündəmə gətirdi və bu məhsullardan imtinaya çağırdı. Ancaq bəzi ölkələr – Türkiyə, Çin, Hindistan və s. bu fürsətdən istifadə edib Rusiyadan ucuz qiymətə neft, qaz əldə edə bilir və əməkdaşlığı davam etdirirdilər. Amma Türkiyəyə həm NATO ölkəsi, həm də Qərbin müttəfiqi kimi demək olar ki, dəfələrlə xəbərdarlıq edilmişdi”.

O qeyd edib ki, sonuncu dəfə Rusiya təyyarələrinin Türkiyəyə uçuşlar həyata keçirməsi bəhanə göstərilərək Türkiyənin sanksiya siyahısına salınacağı bildirilmişdi:

“Bundan sonra türk şirkətləri məcbur olub rus hava daşıyıcılarına müraciət etdilər və bildirdilər ki, mümkünsə, 25%-dən çoxu rus texniki vasitələri olan təyyarələrlə Türkiyəyə uçsunlar və onlara xidmət göstərsinlər. Hazırda Rusiyadakı ortaqları ilə iş apardıqları üçün bankları və digər müəssisələri sanksiya altına salmaq istəyirlər. ABŞ ilə yanaşı digər G7 bazarlarına giriş qadağası təhdidi onu deməyə əsas verir ki, artıq ABŞ və müttəfiqləri bu sanksiyanı genişləndirməkdədirlər. Sanksiyaları təkcə aviasiya və müəyyən məhsullara deyil, maliyyə, bank sistemlərinə tətbiq edirlər. Daha sonra Rusiya ilə işləyən digər müəssisələrə də tətbiq edəcəklər.Və getdikcə təkcə ABŞ tərəfindən deyil, digər G7 ölkələri tərəfindən də Türkiyəyə qarşı sanksiya artırıla bilər”.

Ekspertin fikrincə, burada iki əsas məqsəd var:

“Türkiyəni çıxılmaz vəziyyətdə qoymağa çalışırlar ki, məcbur olub Qərblə Rusiya arasında seçim etsin. Çünki Türkiyə indiyə qədər sanksiyalara qoşulmurdu, maksimum neytrallığını gözləyirdi. Həm Rusiya, həm də Qərb arasında eyni vaxtda vasitəçilik edən yeganə ölkə idi. Ancaq artıq bu məsələdə Türkiyəni Rusiyanın yanından uzaqlaşdırmaq və öz tərəflərinə çəkmək istəyirlər və bunu açıq şəkildə göstərirlər”.

Politoloq əlavə edib ki, əlbəttə, Türkiyə iki səbəbə görə buna etiraz edəcək:

“Türkiyə göstərəcək ki, bu onun daxili işidir və sanksiyalara qoşulmaqda maraqlı deyil. Türkiyənin öz xarici siyasəti var, Rusiyadan enerji asılılığı var. Eyni zamanda Çin və Hindistanın Rusiya ilə əməkdaşlığı davam etdirməsi, hətta genişləndirməsini, sanksiyalara qoşulmamasını da bəhanə kimi istifadə edə bilər. Ancaq ən sonunda bir çox Türkiyə müəssisələri Qərblə birgə iş birlikləri olduğunu görüb, xüsusilə banklar və maliyyə təşkilatları böyük ehtimal bu sanksiyaların bəzilərinə uymağa məcbur qalacaqlar. Burada əlbəttə ki, Türkiyənin özünü də iqtisadi, siyasi cəhətdən sıxışdırmaq cəhdləri var. Amma əsas Türkiyəni Rusiyadan uzaqlaşdırmaq, eyni zamanda münasibətlərini pozmaq cəhdidir. Çünki Türkiyənin də məcbur olub sanksiyalara qoşulması istər-istəməz Türkiyə-Rusiya münasibətlərində gərginlik yaradacaq”.