Ad günündən 5 gün sonra intihar edən əsgərlə bağlı – YENİ DETALLARbackend

Ad günündən 5 gün sonra intihar edən əsgərlə bağlı – YENİ DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ilin 1 may tarixində Hacıqabulda yerləşən N saylı hərbi hissədə 19 yaşlı əsgər Mustafa Zəkiyevin özünü güllələyərək öldürməsi hadisəsi ilə bağlı məhkəmə prosesi Ali Məhkəməyədək uzanıb.

NOCOMMENT.az xəbər verir ki, Qafqazinfo.az-ın əldə etdiyi məlumata görə, əsgəri intihar həddinə çatdırmaqda təqsirli bilinən əsgər yoldaşı, 2001-ci il təvəllüdlü S.Abbasov Cəlilabad Hərbi Məhkəməsinin 20 may 2021-ci il tarixli hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

O, Apellyasiya Məhkəməsinə müraciət etsə də, qərar dəyişməyib. Daha sonra Ali Məhkəməyə müraciət edərək ona Cinayət Məcəlləsinin 332.3-cü (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi ilə bəraət verilməsini tələb edib.

Məhkumun vəkili məhkəmədə çıxış edərək bildirib ki, Şirvan Apellyasiya Məhkəməsinin hökmünü qüvvədə saxlayan qərarı ləğv edilməli, S.Abbasovun əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməli və ya həmin qərar ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir.

Vəkil həmçinin qeyd edib ki, başlanmış cinayət işi üzrə bəzi ifadələr sonradan dəyişdirilib. Belə ki, şahid A.Mustafayev əsgər yoldaşı və dostu olan M.Zəkiyevin əvvəlcə sevdiyi qıza görə intihar etdiyini bildirsə də, sonradan onun S.Abbasovun təhqirləri və zorakılığı səbəbindən həyatına qəsd etdiyini deyib.

Ali Məhkəmənin iclasında Hərbi Prokurorluğun rəsmi ittihamı da elan edilib. Şahid ifadələrinə və toplanmış digər sübutlara əsaslanaraq tərtib edilmiş ittihamda Mustafa Zəkiyevin xeyli müddət aralarında tabelilik münasibəti olmayan əsgər S.Abbasov tərəfindən şərəf və ləyaqətinin alçaldılması, fiziki zorakılığa məruz qalması, əsgər yoldaşları arasında nüfuzdan salınması və sair qeyd edilib. Bu səbəbdən də 1 may 2020-ci il tarixində günorta saatlarında Mustafa Zəkiyev xidmət apardığı postda avtomatla döş qəfəsi nahiyəsinə atəş açaraq həyatına son qoyub.

Ali Məhkəmənin Cinayət Kollegiyasının qərarı ilə S.Abbasovun kassasiya şikayəti təmin edilməyib və ona verilən 5 illik həbs cəzası qüvvədə qalıb.

Bildirilir ki, intihar etməzdən 5 gün əvvəl 10 ayın əsgəri olan əsgər Mustafa Zəkiyevin 19 yaşı tamam olub və həmin gün ailəsi ilə telefonla danışıb. O, telefon danışığı zamanı atası Qafar Mustafayevə gizir olmaq istədiyini deyib.

Qeyd edək ki, əslən Qubanın Alpan kəndindən olan mərhum əsgərin atası Qafar Zəkiyev Çernobıl əlilidir. O, oğlunun intiharına inanmadığını, onun qəsd nəticəsində vəfat etdiyini iddia edib.