Agentlikdən Bakı-Quba yolu ilə bağlı açıqlamabackend

Agentlikdən Bakı-Quba yolu ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda tikinti-bərpa işləri Prezident İlham Əliyevin tapşırığına uyğun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 2022-ci ilin iş planına daxil edilib və hazırda icrası təmin olunur. Cəmiyyətdə isə tikinti-bərpa işlərinin başlanılması ilə bağlı müxtəlif əsassız fikirlər səsləndirilir.

AAYDA-danNOCOMMENT-ə bildirilib ki, Rusiya Federasiyası ilə dövlət sərhədi istiqamətində yeni avtomagistral inşa edilir. Ödənişli olması nəzərdə tutulan avtomagistraldan hər-hansı bir səbəbdən istifadə etmək istəməyən vətəndaşlarımıza ədalətli və bərabər imkanlara sahib alternativ seçim təmin etmək üçün mövcud Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu bərpa edilir. Qeyd edək ki, hər iki yolda tikinti işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

Hazırda mövcud Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda tikinti-bərpa işləri magistral yolun 88-ci km-dən başlayaraq Bakı şəhəri istiqamətində 66 km-lik hissədə aparılır.

Aparılan işlər zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, yararsız monolit-beton, həmçinin yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Daha sonra yararlı qrunt tökülərək yenidən kipləşdiriləcək, qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi aparılacaq. Bu işlər yekunlaşdıqdan sonra yola yeni asfalt-beton örtüyü döşənəcək.

Təmir-bərpa işləri ilə sözügedən yolboyu avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaradan problemlər tam olaraq aradan qaldırılacaq.

Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə aparılır. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin edilib.

Əks istiqamət üzrə 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılıb.

Sürücülərdən bir daha təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.