Ağıl dişinin kəskin ağısı ilə həkimə müraciət edən şəxs həm sağlamlığından, həm də pulundan olduğunu iddia edir…
NOCOMMENT.az xəbər verir ki, şikayətçi Tural Qoca “Xəzər xəbər”ə müraciətində bildirib ki, “TikTok” platformasında özünü stomatoloq kimi təqdim edən Nicat Həsənov adlı şəxsin qəbulunda olub və sağlamlığına ciddi zərər dəyib.
Tural Qoca iddia edir ki, Nicat Həsənov heç bir cərrahi əməliyyat olmadan ağrısız şəkildə onun dişini çəkəcəyini vəd edib. Lakin səhhətində problem yaranandan sonra araşdırıb ki, Nicat Həsənovun stomatoloq kimi fəaliyyət göstərmək üçün diplomu yoxdur.
Zərərçəkmiş 500 manat ödədiyini, amma ölümdən döndüyünü deyir. O, həkim Nicat Həsənovun hadisədən sonra onun səhhəti ilə maraqlanmadığını deyir.
İddialarla bağlı stomatoloq Nicat Həsənovla əlaqə saxladıq. O, vətəndaşla aralarında anlaşılmazlıq olduğunu bildirdi.
Nicat Həsənov diplomu olmadığı barədə iddianı təkzib etsə də, sənədin surətini təqdim etməkdən imtina etdi.
Analitik Ekspertiza Mərkəzindən isə “Xəzər Xəbər”ə bildirildi ki, Nicat Həsənovun adı “Tibb kadrlarının vahid reyestri”ndə mövcud deyil. O da qeyd edildi ki, vətəndaşlar özəl tibb müəssisələrində qarşılaşdıqları bu kimi mənfi hallarla əlaqədar Mərkəzin “qaynar xətt”inə zəng edərək və ya onlayn qaydada şikayətlərini bildirə bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.