Azərbaycan terrorçu Ermənistan ilə işğal altında olan doğma torpaqlarının geri qaytarılması uğrunda Vətən Müharibəsini aparmaqdadır. Ölkədə və xaricdə yaşayan hər bir azərbaycanlının ruhu bu gün Qarabağla döyünür. Hər kəs ön cəbhəyə can atır, hər kəs cəbhəyə dəstək olmağa çalışır.
NOCOMMENT.az olaraq arxa cəbhədə çalışaraq daim düşmənlə öndə vuruşanları diqqətdə saxlayan, əsgərlərimizə dəstək göstərməyə çalışanları ictimaiyyətə təqdim etməyə davam edirik.
Belə insanlardan biri də Baku Medikal Plazada yerləşən, Ağrı Müalicə Mərkəzinin rəhbəri, alqoloq-ağrı həkimi Vüsal Eyvazovdur.
Sentyabrın 27-dən başlayan ikinci Qarabağ savaşının ilk günlərində cəbhəyə gedə bilməyən, lakin qəlbi daim müharibədəki əsgərlərimizin yanında döyünən V.Eyvazov və onun vətənpərvər komandası özlərinə rahatlıq tapa bilmirdi.
İctimailəşdirilməsini kəsinliklə istəməyən və bunun qəti əleyhinə olmasına baxmayaraq redaksiyamız bu vətənpərvər insanın və kollektivinin xoşməramlı addımlarına biganə qala bilmədi.
Haqq yolda olduğumuz Vətən Müharibəsində əsgərlərimizə dəstək məqsədilə yaradılan bütün imkanlardan yararlanmağa qərar verən komanda paytaxtda yerləşən klinikaların birində əsgərlərimizi ziyarət edib, onlara mənəvi dəstək göstərərək mümkün qədər yardım etməyə çalşıblar.
Bununla kifayətlənməyən Vüsal Eyvazov daha sonra Mərkəzi Qan Bankında qan verir, Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna ianə edərək ordumuza maddi dəstək göstərir.
Bütün tibbi personal yüksək ruh əzmində çalışaraq hər an cəbhədə döyüşən əsgərləri düşünür və hər hansı bir yolla yardım etməyə çalışırlar.
Əldə etdiyimiz məlumata əsasən Ağrı Müalicə Mərkəzi özünün tibbi xidmətləri ilə də döyüşlərdə şəhid olan, yaralanan və qazi olan hər bir əsgərimizin ailə üzvlərinin yanındadır və bununla bağlı Vüsal həkimin video müraciəti də yayımlanıb.
“Rəşadətli ordumuz cəbhədə düşmənə qarşı qəhramanlıqla vuruşaraq bizi özlərinə şahid tuturlar” deyən V.Eyvazov bu günlərdə tibbi personalı ilə birgə cəbhə bölgəsinə yola düşüblər.
“Gəldik ağrınızı alaq” deyən Ağrı Müalicə Mərkəzinin tibbi personalı artıq bir neçə gündür ki, ön cəbhədə yerləşən hospitalda qürurla xidmət göstərirlər.
Bu şərəfli və haqq yolunda əsgərlərimizə və arxa cəbhədə onlara dayaq olan hər bir həmvətənlimizə uğurlar arzu edirik.
Yaşasın Azərbaycan əsgəri!
Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan!