Ağstafada 2 nəfərin öldüyü partlayış necə baş verib?backend

Ağstafada 2 nəfərin öldüyü partlayış necə baş verib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafa rayonunda 2 nəfərin ölümü ilə nəticələnən partlayışa görə təqsirləndirilən Yamin Səmədovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

NOCOMMENT.az xəbər verir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, Ağstafa Rayon Məhkəməsinin hakimi Natiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə o, elan olunmuş ittihamda özünü təqsirli bilib.

O, dindirilərkən deyib ki, Ağstafa rayonunun Vurğun qəsəbəsində ailəsi ilə birlikdə yaşayır: “Baş vermiş hadisədən təxminən 10 gün əvvəl işsiz olduğumdan özümə məxsus torpaq sahəsində odun alaraq kömür hazırlamaq qərarına gəldim. Bu məqsədlə “İnstaqram”da kömür hazırlamaq üçün nəzərdə tutulan dəmir çənlərlə maraqlandım. Əvvəllər tanımadığım şəxsdən pul qarşılığında dəmir çəni qəsəbəmizə göndərməyini bildirdim. Çən həyətyanı sahəmə evakuatorla gətirildi. Mən də çənin pulunu evakuator sürücüsünə verdim. Əvvəllər kömür hazırlanması ilə məşğul olmamışdım. Hadisə baş verən günü mərhumlar – Asim Bayramov və Cəmil Əsgərov pul qarşılığında mənə odun gətirdilər. 22 aprel 2023-cü il tarixdə, saat 20:30 radələrində kömür çənini alışdırdım. Çənin qapağına yaxınlaşan zaman partlayış baş verdi. Asim Bayramovla Cəmil Əsgərov hadisə yerindən 8-10 metr uzaqda idilər. Mən isə həmin vaxt çənin qapağının qarşısına keçərkən ayağım yerdəki belə ilişərək yıxıldım. Bu zaman qapaq mənim üzərimdən keçərək mərhumlara dəydi. Etdiyim əməldən peşmanam. Zərərçəkmiş şəxslərin hüquqi varislərindən üzrxahlıq etmişəm, onlar mənimlə barışıblar. Məhkəmədən yüngül cəza verilməsini xahiş edirəm”.

Qeyd edək ki, 2023-cü il aprelin 22-si saat 21 radələrində Ağstafa rayonunun Vurğun qəsəbəsi ərazisində fəaliyyət göstərməyən köhnə heyvandarlıq fermasının ərazisində partlayış baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı qeyd olunan ünvanda kömür istehsalı zamanı baş verən partlayış nəticəsində 1979-cu il təvəllüdlü Cəmil Əsgərov və 1973-cü il təvəllüdlü Asim Bayramovun ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Daha sonra Yamin Səmədov cinayət məsuliyyətinə cəlb edilib, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbir seçilib.

Ağstafa Rayon Məhkəməsinin çıxardığı hökmlə o, 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.