Xəbər verdiyimiz kimi, Ağstafa şəhərinin mərkəzi küçəsində iki cavan ağac kəsilərək ərazidə obyekt tikintisinə başlanılıb. Məlumatlara görə, yaxın günlərdə daha iki ağacın da kəsilməsi planlaşdırılırdı.
NOCOMMENT.az xəbər verir ki, 32gun.az-a daxil olan son məlumata əsasən, artıq qalan iki ağac da kəsilib.
Hadisənin baş verdiyi ərazidən görüntüləri təqdim edirik.
Qeyd edək ki, əhali daha əvvəl bildirmişdi: onlar inanırlar ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov bu qanunsuzluqla bağlı operativ tədbir görəcək, ağacların kəsilməsinə səbəb olanlar cəzalandırılacaq və həmin ərazidə yaşıllaşdırma bərpa olunacaq. Sakinlərin bu inamına səbəb isə icra başçısının əvvəllər dəfələrlə ağacəkmə tədbirlərini təşkil etməsi və həmin aksiyalarda şəxsən iştirak etməsidir.
Xatırladaq ki, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Elşən Şirinovdur. İdarənin xidməti ərazisinə Ağstafa ilə yanaşı Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları da daxildir.
32gun.az xatırladır ki, ölkə başçısı cənab İlham Əliyev dəfələrlə ağacəkmə aksiyasında iştirak edib. Yaşıllaşdırmanın artırılması istiqamətində xüsusi tapşırıqlar verib. Lakin Ağstafada bu tapşırığın əksinə hərəkət edilir. Çünki Ağstafada “yaşıl terror” ilk dəfə baş vermir.