Aİ-Gürcüstan əlaqələri hazırda ən aşağı səviyyədədir.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski deyib.
O, Gürcüstanda islahatların həyata keçirilmədiyini və Gürcüstanı Aİ-dən uzaqlaşdıran addımların atıldığını qeyd edib.
“Aİ-Gürcüstan münasibətlərinə gəldikdə, biz hazırda ən aşağı nöqtədəyik. Yüksək səviyyəli səfərlər yoxdur. Biz hökumətə maliyyə yardımını dayandırmışıq və diplomatik pasport sahibləri üçün viza məhdudiyyətləri tətbiq edirik. Hökumət üçün nəzərdə tutulan maliyyə vəsaitini vətəndaş cəmiyyəti və müstəqil medianın dəstəklənməsinə yönəldəcəyik”, – səfir deyib.
Səfir qeyd edib ki, Gürcüstana 2023-cü ildə namizəd statusu islahatların həyata keçirilməsi şərti ilə verilib, lakin hazırda heç bir islahat aparılmır.
“Aİ olaraq biz islahatların həyata keçirilməsi şərti ilə 2023-cü ilin dekabrında Gürcüstana qapı açdıq. Gördüyümüz kimi, bu islahatların əksəriyyəti həyata keçirilmir. Əksinə, Gürcüstanı Aİ-yə yaxınlaşdıran yox, daha da uzaqlaşdıran addımlar atılıb. Bu, əlbəttə ki, çox təəssüf doğurur, lakin Gürcüstanla bağlı indiki vəziyyət belədir”, – Herçinski bildirib.