Akarın səfəri: Yeni müharibəyə hazırlıq gedirbackend

Akarın səfəri: Yeni müharibəyə hazırlıq gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlərdə Haftarın ritorikasında xeyli aqressivlik hiss edilir və o, çıxışlarında bir neçə dəfə Türkiyəni, eləcə də Liviyadakı türk hərbçilərini təhdid edib. Xüsusilə də Haftar Türkiyə müdafiə naziri Hulusi Akarın Liviyaya səfərinin müharibəni alovlandırdığını iddia edib.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a politoloq İlqar Vəlizadə son günlər Liviya ətrafında baş verən prosesləri şərh edərkən deyib.

Politoloq xatırladıb ki, Hulusi Akar və Baş Qərargah rəisi Yaşar Gülər Liviyanın paytaxtı Tripoliyə səfəri Xəlifə Haftarın Türkiyəyə qarşı təhdidlərinin artdığı vaxtda gerçəkləşdi: “Akar və Gülərin Liviyadakı türk hərbçilərini inspeksiya etmək üçün səfər etdiyi bildirilsə də, düşünürəm, bu, yeni bir hazırlıqdır. Çünki son günlər Haftar cəbhəsində də aktivlik müşahidə olunur.

Xüsusilə də Haftarın əsas dəstəkçilərindən olan Misirdən geniştərkibli heyətin Tripoliyə gələrək görüşlər keçirəcəyi ilə bağlı xəbərlər yayılır. Həmin heyətdə Misir kəşfiyyatının sədr müavinin də yer alacağı iddia edilir. Əgər bu xəbər doğrudursa, iki fərqli cəbhədə olan Misir və Türkiyə heyətlərinin eyni vaxtlarda Tripoliyə səfər etməsi xüsusi maraq doğurur.

Türkiyənin regionda güclənməsi və nüfuz dairəsinin genişlənməsindən narahat olan bir çox qüvvələr bu gün ona qarşı yenidən bir araya gəlməkdədir. Şübhəsiz, bu ölkələr üçün Haftar ideal vasitədir. Yəni Haftar üzərindən Türkiyəyə təzyiq etmək imkanı yaranır. Digər tərəfdən, Haftar özü də bunun fərqindədir və çalışır ki, bu qüvvələrdən maksimum şəkildə şəxsi ambisiyaları üçün istifadə etsin”.

Politoloq qeyd edib ki, bu il Haftar üçün heç də uğurlu olmadı. Türkiyənin dəstəklədiyi Sərrac hökuməti sözün əsl mənasında Haftara dərs verdi. Buna görə də Haftar 2021-ci ildə revanş üçün hazırlaşır:

“Şübhəsiz, bu istiqamətdə ona BƏƏ, Səudiyyə Ərəbistanı, Fransa və Misir də dəstək verəcək. Belə görünür ki, Liviya üzərindən Şərqi Aralıq oyunu yenidən qaynar fazaya daxil olmaqdadır”.