Ali məktəblərə qəbul olunanların qeydiyyat müddəti başa çatırbackend

Ali məktəblərə qəbul olunanların qeydiyyat müddəti başa çatır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali təhsil müəssisələrinə qəbul olunan (I mərhələdən sonra) abituriyentlərin qeydiyyat müddəti başa çatır.

DİM-dən NOCOMMENT-ə verilən xəbərə görə, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı sentyabrın 2-dən başlanıb və 12 sentyabr saat 23:59-dək davam edəcək.

Ali təhsil müəssisələrinə qəbul olunan (I mərhələdən sonra) şəxslər portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

12 sentyabr saat 09:00-a olan məlumata əsasən, artıq 48 045 nəfər portalda qeydiyyatdan keçmək üçün müraciət edib və onlardan 45 712 abituriyentin müraciəti yoxlanılaraq təsdiq olunub. Digər müraciətlərin yoxlanılması davam edir.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı isə 12 sentyabr saat 12:00-dan 19 sentyabr saat 23:59-dək aparılacaq. Bundan əlavə, tam (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar 12 sentyabr saat 12:00-dan 21 sentyabr saat 23:59-dək qeydiyyatdan keçməlidirlər.