Alim Qasımov adını daşıyan Muğam evindən niyə imtina edib – ARAŞDIRMAbackend

Alim Qasımov adını daşıyan Muğam evindən niyə imtina edib – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nərimanov rayon Fətəlixan Xoyski, 88-ci ünvanda yerləşən Mədəniyyət evi ilə bağlı sirli məqamlar ortaya çıxıb.

NOCOMMENT.az xəbər verir ki, KONKRET.az həmin ünvanda yaşayan sakinlərdən daxil olan müraciətlə əlaqədar araşdırma aparıb.

Sakinlər tərəfindən redaksiyamıza ünvanlanan məktubda deyilir ki, sözügedən mərkəzdə illər öncə uşaqlar piano, qarmon, tar, gitara üzrə musiqi təhsili alıblar, həmçinin, müxtəlif növ dərnəklər, kurslar fəaliyyət göstərib. Hazırda isə Mədəniyyət evi fəaliyyətini dayandırıb, baxımsızlıqdan yararsız vəziyyətə düşüb, şüşələri sındırılıb, bir növ kabusa çevrilib. Hazırda vətəndaşların yeganə istəyi odur ki, bina yenidən təmir olunaraq, fəaliyyətini bərpa etsin.

Müxbirimiz məsələ ilə bağlı öncə Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova ilə əlaqə saxlayıb. Qurum rəsmisi həmin binanın Mədəniyyət Naziriliyinin balansında olmadığını açıqlayıb.

Bina Nərimanov Rayon İcra Hakimiyyəti ərazisində yerləşdiyi üçün tərəfimizdən RİH-ə də sorğu ünvanlanıb. Oradan isə bildirilib ki, sözügedən bina illər əvvəl Mədəniyyət Nazirliyi tərəfindən Xalq artisti Alim Qasımovun adına özəlləşdirilib: “Sənədləşmədə də “Alim Muğam Evi” kimi qeyd olunub. Güman ki, həmin binaya dövlət tərəfindən maliyyə ayrılaraq təmir olunacaqdır”.

Məsələyə Xalq artisti Alim Qasımovun münasibətinə gəlincə, o, binanın vaxtilə adına rəsmiləşdirilməsi faktını təsdiqləyib. Onu da əlavə edib ki, artıq xeyli müddətdir bina adından çıxarılıb: “Gördüm ki, binanı təmir etmək imkanım yoxdur, ondan imtina etməli oldum. Hazırda isə əmlakın hansı dövlət qurumuna aid olduğundan xəbərsizəm”.

Göründüyü kimi, hazırkı vəziyyəti heç də ürəkaçan olmayan Mədəniyyət evinin taleyi müəmmalı olaraq qalır. Bununla belə ümid edirik ki, müvafiq orqanlar əmlakın dövlət tərəfindən düzgün dəyərləndirilməsi məsələsini diqqətdə saxlayacaqlar.