Azərbaycanın Xalq artisti, görkəmli xanəndə Alim Qasımov Kanadanın Ontario vilayətinin Toronto şəhərində konsert proqramı ilə çıxış edib.
NOCOMMENT.az xəbər verir ki, bu, xanəndənin 18 ildən sonra yenidən Kanadadakı musiqisevərlərlə görüşü olub.
Min nəfərdən çox dinləyicinin iştirak etdiyi “The Creative School Churusalis” yaradıcı mərkəzində Kanadada yaşayan azərbaycanlılar, Azərbaycan icmasının nümayəndələri, cənubi azərbaycanlılar və digər millətlərin nümayəndələri konserti böyük şövqlə izləyiblər.
Xanəndənin beynəlxalq səviyyədə tanınan xoreoqraf, pedaqoq, kanadalı rəqs novatoru Saşar Zarifla “Məhəbbət” adlı konserti böyük tamaşaçı sevgisi ilə qarşılanıb. Alim Qasımovun ruhu titrədən canlı vokal improvizasiyaları ilə Zarifin sufizmdən qidalanan rəqsləri birləşərək muğamla səmanın, musiqi ilə rəqsin, sədaqətlə həsrətin qədim bağını yenidən canlandırıb.
İfaçıları səhnədə xanəndənin dörd nəfərdən ibarət Muğam Ansamblı müşayiət edib.