Alim: Xəzər dənizinin səviyyəsinin qalxıb-enməsindən ən çox ziyan çəkən Azərbaycandırbackend

Alim: Xəzər dənizinin səviyyəsinin qalxıb-enməsindən ən çox ziyan çəkən Azərbaycandır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzər dənizinin səviyyəsi son 100 ildə 3 dəfə kəskin dəyişərək, dənizin orta illik səviyyəsi 1930-1977-ci illərdə 3,2 metr enib, 1978-1995-ci illərdə isə 2,5 metrə qədər yüksəlib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında Xəzər dənizinin hazırkı ekoloji vəziyyəti və sualtı arxeologiyası haqqında iclasda AR ETN-nin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri coğrafiya elmləri doktoru professor Əmir Əliyev “Müasir dövrdə Xəzər dənizinin səviyyə dəyişmələri: səbəblər və nəticələr” mövzusunda geniş məruzə ilə çıxışı zamanı deyib.

O bildirib ki, bu proses nəticəsində respublikanın təqribən 850 km uzunluqlu sahil xətti zonasında 50 min hektara qədər torpaq sahəsi subasmaya məruz qalıb. Xəzər dənizinin səviyyəsinin 1996-2023-cü illərdə 2 metr endiyini deyən alim bu prosesin hazırda davam etdiyini, həmin müddətdə respublikamızın dənizsahili zonasında dəniz suları altından 38 min hektar torpaq sahəsinin səthə çıxdığını vurğulayıb.

“Xəzərətrafı 5 ölkə içərisində dənizin səviyyəsinin qalxıb-enməsindən ən çox ziyan çəkən dövlət Azərbaycan Respublikasıdır. Hazırda Xəzərsahili ərazidə əhalinin yarıdan çoxu, sənaye potensialının isə 80 faizə qədəri yerləşir. Xəzər dənizinin səviyyəsinin 1978-1995-ci illərdə kəskin qalxması sahil zonasında yerləşən sənaye və kənd təsərrüfatı infrastrukturlarına xeyli ziyan vurub”, – deyə professor Əmir Əliyev diqqətə çatdırıb.

Alim, həmçinin qeyd edib ki, Xəzər dənizinin səviyyəsi hazırkı durumundan (- 28,5 mBS) 1.5 metr aşağı düşərsə, Xəzərin Nabran-Şabran sahil ərazisində, Abşeron yarımadası ərazisində, Cənub-Qərb ərazisində və Bakı buxtasında bir sıra geri çəkilmələr və digər mühüm ekoloji problemlər baş verə bilər.

Professor Əmir Əliyev çıxışında Xəzərin ekoloji problemləri ilə bağlı bir sıra təkliflərini də səsləndirib.