Alimdən XƏBƏRDARLIQ: “Xəzər dənizi sahilində fundamental tikililər aparmaq olmaz”backend

Alimdən XƏBƏRDARLIQ: “Xəzər dənizi sahilində fundamental tikililər aparmaq olmaz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yerli mediada yayılan xəbərlərə görə, son bir neçə ay ərzində Astarada bulvar ərazisində dəniz suyu 100-120 metr geri çəkilib. Balıqçıların sözlərinə görə, dənizdə balıqların sayı kəskin şəkildə azalıb.

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı oxu.az-a danışan akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev Xəzər dənizində suyun səviyyəsinin düşməsinin əsas səbəblərini, bundan yaranan problemləri və həll yolunu açıqlayıb.

O bildirib ki, Xəzər dənizində suyun səviyyəsinin sürətlə düşməsinin əsas səbəbləri dənizə tökülən çaylarda sululuğun azalması və qlobal istiləşmədir.

“Xüsusilə Volqa çayında sululuq son illərdə təxminən 30 faizə qədər azalıb və bu da Xəzər dənizində suyun səviyyəsinin dəyişməsinə təsirsiz ötüşmür. İkinci səbəb isə qlobal istiləşmədir. Bunun təsiri nəticəsində Xəzər dənizində suyun temperaturu artıb və bu da suyun buxarlanmasını sürətləndirib”.

Professorun sözlərinə görə, Xəzərdə suyun səviyyəsinin daha bir metrə qədər enməsi gözlənilir:

“19-cu əsrin əvvəlində Xəzər dənizinin səviyyəsi indikindən dörd-beş metr yüksək olub. Lakin Xəzərdə suyun səviyyəsinin enməsi 2040-2050-ci illərə qədər davam edəcək. Bundan sonra isə yenidən suyun səviyyəsində qalxma müşahidə ediləcək. Xəzər dənizində suyun enməsi Şimali Atlantika və Şimali Avropada baş verən böyük miqyaslı proseslərin nəticəsidir”.

Onun sözlərinə görə, Xəzər dənizində suyun səviyyəsinin müəyyən müddətdə enməsi və qalxması təbii prosesdir və burada antropogen (insan) faktorun rolu çox cüzidir:

“Burada antropogen proseslərin təsiri təxminən 10, tektonik proseslərin təsiri isə 5 faiz təşkil edir. Əsas – 85 faiz isə iqlimlə bağlıdır”.

Əmir Əliyevin sözlərinə görə, Xəzər dənizində baş verən proseslərə qarşı heç nə etmək mümkün deyil, sadəcə, buna adaptasiya olmaq lazımdır:

“Lakin hər zaman nəzərə almaq lazımdır ki, Xəzər dənizi sahili ərazilərdə fundamental tikililər aparmaq olmaz. Çünki dənizin suyu ensə də, yenidən qalxa bilər”.

Əmir Əliyev deyib ki, Xəzər dənizində suyun səviyyəsinin azalması xüsusilə balıq ehtiyatına mənfi təsir göstərir:

“Belə davam edərsə, Xəzər dənizində balıqların yemlənmə əraziləri azalacaq. Bu da balıq ehtiyatının kəskin azalmasına səbəb olacaq. Eyni zamanda, digər ekoloji problemlər də özünü göstərəcək”.

Professor bildirib ki, Xəzər dənizində gedən prosesləri izləmək, tədqiqat işləri aparmaq üçün Xəzəryanı ölkələr arasında mərkəzin yaradılmasına ehtiyac var:

“Bu halda biz Xəzər dənizində gedən dəyişiklikləri və bundan yaranan ekoloji, sosial-iqtisadi problemləri, demoqrafik prosesləri izləyə bilərik. Çünki problem Xəzər dənizində suyun səviyyəsinin dəyişməsi deyil, onun yaratdığı nəticələrdir. Çünki Xəzər dənizində bu proseslər daim olub və olacaq da”.