Allahşükür Paşazadə: Təhlükə dindən deyil, dinin siyasi məqsədlərlə sui-istifadəsindən irəli gəlirbackend

Allahşükür Paşazadə: Təhlükə dindən deyil, dinin siyasi məqsədlərlə sui-istifadəsindən irəli gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təəssüf ki, real həyatda dindən siyasi məqsədlər üçün sui-istifadə halları ilə rastlaşırıq. Ksenofobiya təzahürləri və nifrət çağırışları cəmiyyətlərin və dövlətlərin daxili sabitliyini pozur, böhran, qarşıdurma və nifaq yaradır”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Bakıda keçirilən “Prioritet Qlobal Məsələlər üzrə Multikultural Perspektivlər” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

QMİ sədri bildirib ki, müasir dövrdə təcavüzə və zorakılığa təhrik edən nifrət çağırışları bəşəri təhlükəyə çevrilərək soyqırım cinayətlərinə gətirib çıxarır: “Dini zəmində qarşıdurmaya təşviq edən nifrət çağırışlarının əyani sübutu son vaxtlar İsveç və Danimarkada Qurani-Kərimin yandırılması cəhdləridir ki, hər bir sağlam düşüncəli cəmiyyət tərəfindən ciddi şəkildə qınanmalıdır”.

Onun sözlərinə görə, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, nifrət sövq edən, böhranların yaranmasında münaqişələrin alovlanmasında dindən istifadə edən ekstremizmi, habelə antisemitizm, islamofobiya və xristianafobiya, xüsusilə də dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının təhqir olunması hallarını, hər hansı bir dinin ardıcıllarına qarşı zorakılıq və terror aktlarını qətiyyətlə pislənilir.

Qəbul edilməlidir ki, təhlükə dindən deyil, dinin siyasi məqsədlərlə sui-istifadəsindən irəli gəlir. Odur ki, dini icmaların müqəddəs saydıqları məqamlara qarşı hər hansı həqarətli hərəkətlər sanksiyaya məruz qalmalı, dindən sui-istifadə edən ekstremizmi rədd edən dəyərlər fəal şəkildə inkişaf etdirilməlidir. Azərbaycan xalqı və dövləti dünyada insan cəmiyyətləri arasında həmrəylik va qardaşlıq bağlarının möhkəmləndirilməsi yönündə bütün səmimi təşəbbüsləri dəstəkləyir.