Almaniya hökuməti bəyan edib ki, ABŞ-ın Avropa istehsalı olan avtomobillərə tətbiq etdiyi rüsumlar razılaşmaya uyğun olaraq azaldılmalıdır.
NOCOMMENT.az bildirir ki, bunu Almaniya Nazirlər Kabinetinin sözçüsü Şteffen Meyer Berlində keçirdiyi brifinqdə deyib.
“Xüsusən də, razılaşdırıldığı kimi avtomobillərin tarifləri sürətlə aşağı salınmalıdır”, – Meyer bildirib. O əlavə edib ki, tariflər Almaniyanın ixracyönümlü iqtisadiyyatına ciddi zərbə vurur. “Bizim buradakı rolumuz bu prosesdə Avropa Komissiyasına hərtərəfli dəstəyi davam etdirməkdir”, – Almaniya hökumətinin sözçüsü vurğulayıb.
Avqustun 5-də Avropa qurumlarındakı mənbə bildirib ki, ABŞ-ın Aİ avtomobillərinə və avtomobil hissələrinə tarifləri 27,5% səviyyəsində qalır və Brüssel onların “mümkün qədər tez” razılaşdırılmış 15% səviyyəsinə endirilməsini gözləyir. O, Aİ və ABŞ-ın bir sıra mallar kateqoriyası üzrə rüsumların azaldılması və ya ləğv edilməsi üçün “intensiv danışıqlar” apardığını vurğulayıb.
İyulun 27-də AK prezidenti Ursula fon der Leyen və Tramp Vaşinqtonun Ağ Evin təhdid etdiyi Avropadan bütün idxala 30% rüsum əvəzinə avqustun 1-dən ABŞ-a idxal edilən Avropa mallarının təxminən 75%-nə 15% rüsum tətbiq edəcəyi barədə razılığa gəliblər. Bunun müqabilində AK Rusiyanın enerji resurslarının Aİ-yə bütün növ idxalını tamamilə qadağan edəcəyini və ABŞ-dan 750 milyard dollar dəyərində neft, qaz, nüvə avadanlığı və yanacağı alacağını, həmçinin ABŞ iqtisadiyyatına 600 milyard dollar sərmayə qoyacağını vəd edib.