Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlim mühafizəsi naziri, Yaşıllar Partiyasından kanslerliyə namizəd Robert Habek ABŞ Prezidenti Donald Trampın Kanada, Çin və Meksikadan idxal olunan mallara tətbiq etdiyi rüsumların ABŞ-də inflyasiyanın artmasına səbəb olacağını bildirib və qeyd edib ki, Avropa cavab tədbirləri görməyə hazırdır.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, o, bu barədə “Kölner Stadt-Anzeiger” qəzetinin təşkil etdiyi tədbirdə deyib.
“Avropalılar olaraq biz də cavab tariflərinə hazırıq”, – Habek deyib. “Amerikalılar bilməlidirlər: bu, çox pis alternativdir”, – o əlavə edib.
Eyni zamanda, iqtisadiyyat naziri tariflərin ABŞ-də istehlakçılar və şirkətlər də daxil olmaqla inflyasiyanın artmasına səbəb olacağını vurğulayıb.
“Biz bunu amerikalılara aydınlaşdıracağıq: sizin də itirəcək bir şeyiniz var”, – Habek fikirlərini yekunlaşdırıb.
Öz növbəsində Almaniya kansleri Olaf Şolts da ABŞ-nin dünya ticarəti üçün tətbiq etdiyi tariflərin nəticələri barədə xəbərdarlıq edib. “Qlobal mal və xammal mübadiləsi hamımıza firavanlıq gətirən böyük uğur hekayəsidir”, – o, Britaniyanın Baş naziri Kir Starmer ilə görüşdə jurnalistlərə deyib.