Almaniyanın yaşıl meydanlarında yaşananlar və Azərbaycanın AVRO-2028 hədəfi – TƏHLİLbackend

Almaniyanın yaşıl meydanlarında yaşananlar və Azərbaycanın AVRO-2028 hədəfi – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada təşkil olunan futbol üzrə XVII Avropa çempionatında qrup mərhələsinə yekun vuruldu. Bununla da iyunun 14-də Almaniya – Şotlandiya oyunu ilə start götürən yarışda mübarizəni dayandıran və davam etdirən komandaların siyahısı müəyyənləşdi. İlk gündən yola 24 komanda çıxmışdısa, onlardan 8-i yorğunluğu hazırda istirahət etməklə çıxarır. Pley-offa adlayan 16 komanda isə medal qazanmağın planlarını cızır.

Almaniya favorit adını doğrultdu

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bundestim parlaq dönəmlərindən bir qədər uzaq düşsə də, yer aldığı A qrupunu birinci pillədə başa vuracağı, demək olar ki, heç kimdə şübhə doğurmurdu. Yulian Naqelsmannın rəhbərlik etdiyi komanda açılış matçında Şotlandiyanı darmadağın (5:1) etməklə bunun siqnalını verdi. Sonrakı iki görüşdə də inamlı təsir bağışlayan meydan sahibləri 7 xalla 1/8 finala qrup lideri kimi adladı. İsveçrə (5 xal) də proqnozları doğruldaraq ikinci yerin sahibi kimi adını pley-offa yazdırdı. Macarıstan (3 xal) və Şotlandiya (1 xal) isə üçüncü və dördüncü oldular. Bu iki komanda boyundan yuxarı tullana, sensasiyaya imza ata bilmədi.

Maksimumçu İspaniya, məyus edən çempion

İspaniya millisi böyük əksəriyyətin haqlı olaraq “ölüm qrupu” adlandırdığı B qrupunu zirvədə başa vurdu. Özü də maksimum nəticə (9 xal) ilə, qapısından qol buraxmadan. Yeri gəlmişkən, ispanlara bu baxımdan yaxın düşən olmadı. Təcrübəli futbolçularla gənclərin sintezindən formalaşdırılan komanda parlaq və inamlı oyunu ilə də azarkeşlərin könlünü oxşadı. Almaniyaya titulunu qorumaq üçün gələn İtaliya isə əksinə, sönük və məzmunsuz oyunu ilə fanatlarını xəyal qırıqlığına uğratdı. Düzdü, komanda 4 xalla qrup ikincisi oldu və adını 1/8 finalçıların siyahısına yazdırdı. Bununla belə, Luçano Spallettinin yetirmələrinin uzağa gedəcəyi o qədər də inandırıcı görünmür. Bu qrupda mübarizə aparan digər iki komandaya gəlincə, yetərincə yaşlı futbolçulardan formalaşdırılan Xorvatiya 2 xalla üçüncü, tarixində ikinci dəfə qitə birinciliyinə qatılan Albaniya isə 1 xalla sonuncu oldu. Və bu yığmalar üçün mübarizə erkən başa çatdı.

Özünə bənzəməyən İngiltərə, sıralanan heç-heçələr

Düzdür, İngiltərə yer aldığı C qrupunu 5 xalla zirvədə başa vurmağı bacardı. Amma yetərincə sönük oyun sərgiləyən, inamsız görünən və özünə bənzəməyən Qaret Sautqeytin yetirmələri haqlı olaraq tənqidlərə tuş gəldi. Sonrakı iki pillədə isə Danimarka və Sloveniya yığmaları qərarlaşdılar. Keçirdikləri hər 3 oyunda heç-heçə etməklə. Sonuncu olan Serbiyanın gücü isə 2 xala çatdı. Bir sözlə, heç-heçələrin sıralandığı qrupda komandalar hücumdan çox müdafiənin, ehtiyat oyunun qeydinə qaldılar ki, bu səbəbdən məhsuldarlıq da aşağı oldu.

Avstriya favoritləri qabaqladı

Sonuncu dünya çempionatının finalçısı olan Fransa nəinki D qrupunun, ümumilikdə AVRO-2024-ün əsas favoriti sayılır. Amma Didye Deşamın rəhbərlik etdiyi komanda təxminlərin əksinə parlaq çıxışla diqqət çəkmədi. 5 xal toplayan “xoruz”lar inamlı təsir bağışlayan, kompakt şəkildə komanda oyunu sərgiləyən Avstriyanı (6 xal) özündən irəli buraxdı. Bütün nəticələrin “dadına baxan” Niderland 4 xalla üçüncü oldu və 1/8 finalda özünə yer etdi. Heç nə ilə yadda qalmayan Robert Levandovskili Polşa millisi (1 xal) isə Almaniyanı erkən tərk etmək məcburiyyətində qaldı.

Belçika bir addım öndə görünsə də…

E qrupunda yer alan komandaların siyahısına baxarkən, Belçikanın bir addım öndə olduğu görünürdü. Bu milli heyət və oyun keyfiyyəti baxımından rəqiblərini üstələyirdi. Amma meydanda yaşananlar bunun əksini ortaya qoydu. Dörd komanda qrupu 4 xalla başa vurdu. Ardıcıllıq isə belə oldu: Rumıniya, Belçika, Slovakiya, Ukrayna. Nəticədə ukraynalılar evə qayıtmaq üçün təyyarəyə bilet sifariş verməli oldular.

Boyundan yuxarı tullanan debütant

Portuqaliyanın F qrupunu zirvədə başa vuracağı şübhə doğurmurdu. Kriştianu Ronaldulu komanda da bu vəzifənin öhdəsindən artıq ikinci turda gəldi. Amma hesabında 6 xal olan Portuqaliyanı son turda Gürcüstan “göydən yerə endirdi”. Debütantın favorit üzərində qazandığı 2:0 hesablı qələbə uzun müddət yaddaşlardan silinməyəcək. Yekunda 4 xal toplayan Villi Sanyolun yetirmələri ən yaxşı qrup üçüncüsü kimi 1/8 finala vəsiqə qazandı. Digər təəccüblü məqam da Gürcüstan yığması ilə bağlıdır. Belə ki, qrup mərhələsindən sonra bombardirlərin siyahısına 3 qolla gürcü futbolçu Corc Mikautadze başçılıq edir. Yeganə məğlubiyyətini Portuqaliyadan alan Türkiyə millisi də yoluna davam edir. Son oyunda Çexiyanı məğlub edən qardaş ölkə təmsilçisi qrupu 6 xalla ikinci pillədə başa vurmaqla adını pley-offa yazdırdı. Cəmi 1 xal toplayaraq qrup sonuncusu olan çexiyalı futbolçular isə Almnaniyanın yaşıl meydanlarında yaşananları artıq televizor önündə əyləşərək izləmək məcburiyyətindədir.

1/8 finaldan kimlər sağ çıxacaq?

Avropa çempionatının 1/8 final mərhələsinin bütün cütləri bəllidir. Bu raundun qarşılaşmaları iyunun 29-da start götürüb, iyulun 2-də başa çatacaq. Əminliklə demək olar ki, futbolsevərləri qarşıda bir-birindən maraqlı 8 oyun gözləyir. 1/8 finalda üz-üzə gələcək cütlüklərə baxarkən də bunu görmək mümkündür:

Almaniya – Danimarka

Fransa – Belçika

İsveçrə – İtaliya

İspaniya – Gürcüstan

Portuqaliya – Sloveniya

Rumıniya – Niderland

Avstriya – Türkiyə

İngiltərə – Slovakiya

Qrup mərhələsinin Almaniyanın 10 şəhərində baş tutan oyunlarından sonra qəti fikir yürütmək çətin olsa da, istənilən halda, favoritlərin siyahısı dəyişməyib. Futbolda böyük ada və nüfuza sahib olan ənənəvi ölkə təmsilçiləri yenə də mükafatçılar siyahısında yer almaq baxımından bir addım öndədirlər və bunun üçün nəinki 1/8 finalda, bütün mərhələlərdə əllərindən gələni edəcəkləri şübhə doğurmur. Əlbəttə, sürpriz də istisna olunmur. Hər halda, ortada Yunanıstan nümunəsi var. Bu ölkə millisinin 2004-cü ildə Portuqaliyada təşkil olunan Avropa çempionatında qələbəsi hələ də yaddaşlardan silinməyib. Yekunda hansı komandanın hədəfinə çatacağı isə AVRO-2024-ün sonuncu günündə – iyulun 14-də Berlin Olimpiya Stadionunda baş tutacaq final matçında bəlli olacaq.

Azərbaycanın AVRO-2028 hədəfi

Əlbəttə, böyük futbol bayramının bir parçası, iştirakçısı olmaq hər bir ölkənin, futbolsevərlərin ən ümdə arzusudur. Könül istərdi ki, Azərbaycan millisi də böyük turnirlərin iştirakçıları sırasında yer alsın. Amma təəssüf ki, yığmamız müstəqillik dönəmində bu vəzifənin öhdəsindən gələ bilməyib. Düzdür, AFFA-da bu il aprelin 2-də gerçəkləşən hakimiyyət dəyişikliyindən sonra bu məsələ ilə bağlı müəyyən ümidlər yaranıb. Rövşən Nəcəfin prezidenti olduğu assosiasiya milli komandanın qarşısına AVRO-2028-ə vəsiqə qazanmaq vəzifəsi qoyub. Bu hədəfin öhdəsindən isə dünya şöhrətli mütəxəssis Fernandu Santuş gəlməlidir. İyunun 12-də yığmanın baş məşqçi təyin olunan portuqaliyalı da məhz bu hədəf uğrunda çalışacaqlarını bildirib. Hələliksə təsəllimiz Könül Mehdiyevanın AVRO-2024-ün oyunlarına UEFA nümayəndəsi kimi təyinat almasıdır. AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri “Frankfurt Arena”da keçirilən oyunlarda iş başında olur. O, ümumilikdə 5 görüşdə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.