“Alyaska görüşü birmənalı şəkildə Tramp üçün fiaskodur”.
NOCOMMENT.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.
Onun sözlərinə görə, Trampın əsas məqsədi atəşkəsə nail olmaq idi və bundan sonra Ukrayna ilə Rusiya arasında ikitərəfli müzakirələrin başlaması gözlənilirdi. Lakin görüşdən sonra verilən açıqlamada “atəşkəs” sözündən ümumiyyətlə, istifadə olunmayıb:

“Tramp Alyaskaya gedərkən FOX TV-yə müsahibəsində atəşkəsdən danışsa da, dönərkən eyni TV-yə açıqlamasında bu kəlməni “unutdu””, – deyə Cəfərli qeyd edib.
Siyasi şərhçinin fikrincə, Trampla Putin müəyyən məqamlar üzrə şifahi razılığa gəlib və ya fikir birliyinə varıb. Lakin bunlar, Ukraynanın xeyrinə deyil:
“Ümumiyyətlə, hər dəfə Trampın Putinlə istər üz-üzə, istər telefonla, istərsə də diplomatiyadan bixəbər əmlakçı dostu Uitkoff vasitəsilə olan təmaslarında diktator bu adama öz mövqeyini, yanaşmalarını qəbul etdirməyə nail olur, lakin sonra ABŞ dövlət qurumları və avropalı müttəfiqlər birtəhər Trampı ABŞ-nin və ümumən Qərbin maraqları baxımından düz yola qaytara bilirlər. Bu dəfə də eyni halın təkrarlanması mümkündür, hər halda, ortada imzalanmış hansısa sənəd yoxdur”.
Ş.Cəfərli hesab edir ki, ümumən ABŞ-a səfər etmək, orada sərsəm fikirlərini dünyaya elan etmək fürsəti qazanmaq və zərrə qədər güzəşt etmədən geri dönmək Putin üçün böyük uğurdur:
“Bu fürsəti ona ABŞ-ı idarə edən diletantlar və alverçilər yaratdı”.// Bakupost.az