“Amazon” şirkətinin baş direktoru Endi Cessi yaxın beş il ərzində işçi sayısının əhəmiyyətli dərəcədə azaldılacağını və onların yerinə süni intellekt sistemlərinin tətbiq olunacağını bəyan edib.
NOCOMMENT.az xəbər verir ki, Cessi əməkdaşlara ünvanladığı məktubda hazırda 1000-dən çox süni intellekt layihəsi üzərində iş aparıldığını və daha çoxunun da yolda olduğunu bildirib.
Şirkət hazırda “Alexa”nın təkmilləşdirilmiş versiyası olan “Alexa+”, alış-veriş köməkçiləri, satıcı və reklam alətləri kimi müxtəlif məhsul və proqram təminatları üzərində çalışır.
Beş il ərzində minlərlə əməkdaş işdən çıxarılacaq
Endi Cessinin sözlərinə görə, bəzi sahələrdə süni intellekt daha az insan qüvvəsinə, bəzilərində isə daha ixtisaslı kadrlara ehtiyac yaradacaq. O qeyd edib ki, yeni texnologiyalar “Amazon”un məhsuldarlığını nəzərəçarpacaq dərəcədə artırıb. Artıq anbar idarəçiliyindən tutmuş müştəri xidmətlərinə, robot texnologiyalarından proqnozlaşdırma sistemlərinə qədər müxtəlif sahələrdə süni intellektin təsiri hiss olunur.
2022-ci ildən bu günə qədər şirkət 27 minə yaxın əməkdaşla yollarını ayırıb. “Amazon” indi süni intellekti texnologiya və əməliyyatlarında daha geniş istifadə edərək daha az heyətlə daha çox iş görməyi hədəfləyir.\\Valyuta.az