Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25 faiz, faiz dəhlizinin aşağı həddi 6.25 faiz, faiz dəhlizinin yuxarı həddi isə 8.25 faiz səviyyəsində dəyişməz saxlanılıb.
Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki inflyasiya templərinin proqnoza uyğun formalaşması, proqnozlaşdırılan inflyasiyanın hədəfdə (2-6 faiz) qalması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub.
NOCOMMENT.az xəbər verir ki, uçot dərəcəsini sabit saxlamasına münasibət bildirən Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov Bakupost.az -a deyib ki, uçot dərəcəsinin azalması belə real olaraq iqtisadiyyatın inkişaf göstəricilərinə o qədər də güclü təsir göstərməyəcək. Çünki müasir, mürəkkəb iqtisadi sistemlərdə yalnız uçot dərəcəsinin dəyişdirilməsi ilə iqtisadiyyatda pul-kredit siyasətinin tənzimlənməsini gözləmək sadəlövhlük olar:
“Mürəkkəb iqtisadi sistemlərdə mürəkkəb diferensasiya edilmiş, şaxələndirilmiş pul-kredit siyasətinə nail olmaq lazımdır. İqtisadiyyatın hər hansı bir sahəsində müvafiq rentabellik göstəricilərinə uyğun maliyyələşmə şərtləri olmalıdır. Girov bazası ilə bağlı kredit götürənlərə qarşı qoyulan tələblərə yenidən baxılmalı və onları xeyli dərəcədə iqtisadiyyatın inkişafına uyğunlaşdırmaq lazımdır. Müxtəlif iqtisadi sferalara aid faizlərlə əlçatan kredit xətləri açılmalıdır. Yəni bu işlər görülməlidir ki, iqtisadiyyata investisiyalar artsın. Düşünürəm ki, Mərkəzi Bankın əsas hədəfləri məhz bundan ibarət olmalıdır. Pul-kredit siyasəti, bank sektoru investisiyaların artımına, şaxələndirilməsinə, real sektorun inkişafına xidmət göstərməlidir”.