Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu “sair torpaq, tikili və avadanlıqların satınalınması” məqsədilə keçirilən tender üzrə 7.280,6 manatlıq müqavilə bağlamağa hazırlaşır.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, müqavilə Əsəd Qacar oğlu Əzizov adlı şəxslə bağlanacaq. Bu məqamı maraqlı edən isə odur ki, mediada yayılan məlumatlara görə, Masallı şəhər bələdiyyəsinin sədr müavini də eyni ad, soyad və ata adına malikdir – Əsəd Qacar oğlu Əzizov.
Araşdırmalarımız zamanı müəyyən olunub ki, tenderdə qalib olan bu sahibkarla Masallı bələdiyyəsinin sədr müavini eyni şəxsdir. Əsəd Əzizovun bələdiyyə seçkilərinə qatılarkən təqdim etdiyi rəsmi sənədlərdə onun fərdi sahibkarlıqla məşğul olduğu açıq şəkildə qeyd olunub.
Hazırda bu şəxsin dövlət qulluğunda işləməsi ilə yanaşı, tenderlərdə iştirak etməsi bir sıra suallar doğurur. Xüsusilə də, dövlət qurumlarının elan etdiyi satınalma müsabiqələrində iştirak edən sahibkarların vəzifəli şəxslərlə eyni şəxs olması, şəffaflıq və maraqların toqquşması baxımından diqqət çəkir.