Amerikada məşhurlaşan Fəridə Sadıqova kimdir? – FOTOLARbackend

Amerikada məşhurlaşan Fəridə Sadıqova kimdir? – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edirik.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, haqqında internetdən məlumat əldə etdiyimiz şəxs onlardan biridir.

Fəridə Sadıqova-Buyuran Bakıda ziyalı ailəsində anadan olub. Atası Rzaqulu Sadıqov fizika-riyaziyyat elmləri doktoru olub, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat İnstitutunda baş elmi işçi işləyib. Anası Firuzə Əliyeva iqtisadiyyat üzrə fəlsəfə doktorudur.

Fəridə Buyuran 1994-cü ildə Bakı şəhəri 5 saylı orta məktəbi bitirib. 1994-1998-ci illərdə Azərbaycan Xarici Dillər Universitetində İngilis-fransız dilləri üzrə bakalavr, 1998-2000-ci illərdə magistr dərəcələrinə yiyələnib.

1999-2001-ci illərdə “Azerbaijan International” jurnalında işləyib. Burada işləyərkən jurnalın Los Ancelesdəki baş ofisinə dəvət alaraq birillik ixtisasartırma kurslarında iştirak edib.

2002-ci ildə ailə qurduqdan sonra ABŞ-a – Los Ancelesə köçüb. 2003-2005-ci illərdə Kaliforniya Dövlət Universitetində ikinci ali təhsil alaraq, Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

Amerikaya köçdükdən sonra burada Azərbaycanın milli mətbəxinin tanıdılması ilə məşğul olan Fəridə Buyuran 2008-ci ildə bu məqsədlə AZCookbook.com adlı interaktiv vebsayt yaradıb. Həmin ildən fəaliyyət göstərən vebsayt oxuculara iki dildə təqdim olunur: ingilis və azərbaycanca. Fəridə Buyuran Azərbaycan dilində də resurslara ehtiyacın olduğu üçün bu addımı atdığını deyir. Bu virtual kitabda həm Azərbaycan, həm də başqa ölkələrin mətbəxləri yer alır.

AZCookbook-un fəaliyyəti bir çox xarici və yerli qəzet və jurnallarda işıqlandırılıb. Bloq Amerikanın ən məşhur yemək jurnalı olan “Saveur Magazine” tərəfindən dünyanın ən yaxşı 55 etnik yemək bloqu sihayısına daxil edilib.

Fəridə Buyuranın ona məşhurluq qazandıran “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” adlı kitabı 2014 və 2015-ci illərdə çap olunub. 336 səhifədən ibarət kitabda oxuculara 200 adda qəlyanaltı və salat, şorbalar, xəmir xörəyi, ət, tərəvəz və yumurtadan istifadə edilməklə hazırlanan xörəklər, çörək növləri, plov, içki və çərəzlərin Qərb ölkələri şəraitində hazırlanması üçün uyğunlaşdırılmış reseptlər təklif olunur. Kitaba, həmçinin Fəridə Buyuranın populyar bloqundan seçilmiş reseptlər daxildir. Bundan başqa, kitaba Azərbaycan mədəniyyəti və ənənələri ilə bağlı məlumatlar da daxil edilib.

Kitabı geniş oxucu auditoriyasına təqdim olunduqdan sonra kulinariya ilə bağlı müxtəlif tədbirlərə dəvət olunmağa başlayıb. O, bu gün də belə tədbirlərdə Azərbaycanın mətbəxini təbliğ edir, mühazirələr deyir.

Kitabın təqdimatı və imzalama mərasimi 2016-cı ildə Kaliforniya ştatının Vernon şəhərində keçirilib. Təqdimat ABŞ-da qida delikateslərinin ən böyük distribüteri “Melissa’s Produce”un eksperimental mətbəx laboratoriyasında baş tutub. Tədbirə çox sayda kulinariya icmalçısı, bloger və jurnalist qatılıb. Eləcə də müəllifin oxucuları…

Kitab indiyədək bir neçə böyük mükafata layiq görülüb. 2014-cü ildə “Gourmand Best Eastern European Cookbook” (ABŞ-da ən yaxşı Şərqi Avropa kulinariya kitabı), 2015-ci ildə “Gourmand Best in the World Award” (Dünyada ən yaxşı kulinariya kitablarından biri), 2015-ci ildə “Living Now Book Award Silver Medal in ethnic cookbooks category” (ABŞda etnik kulinariya kitabları arasında gümüş medal) və 2016-cı ildə “Indie Excellence Award” (Amerikada nəşr edilmiş etnik kulinariya kitabları arasında) mükafatlarının qalibi olub. Bundan başqa, 2016-cı ildə “Beynəlxalq yemək kitabları kateqoriyası”nda (Best Books Award) finalçı olub. “Gourmand Best in the World” mükafatını isə Çində keçirilən beynəlxalq tədbirdə alıb.

Kitab Amerikada Azərbaycan kulinariyasına marağın artmasında böyük önəmə malikdir. Təsadüfi deyil ki, kitab haqda bir neçə nəşrdə, xüsusilə “Long Beach” qəzetindən məqalələr dərc olunub. Bundan başqa, “Saveur”, “Arab Times”, “The Jerusalem Post”, “Turkish Daily News”, “Passaj”, BBC Radio, “New World Radio”, “Vancouver Co-op Radio” və s. kimi dünyaca məşhur nəşrlər və radiolar kulinarın fəaliyyətinə və müəllifi olduğu kitaba geniş yer ayırıb.

“Nar və zəfəran” Azərbaycan kulinariyasına dair ABŞ-da ingilis dilində çap edilən ilk kitabdır.

Fəridə Buyuran “Nar və zəfəran” kitabı üçün reseptləri 2008-ci ildə yığmağa başlayıb. Kitaba Azərbaycanın müxtəlif bölgələrinə aid milli xörəklərin reseptləri ilə yanaşı, bu yeməklərin tarixçəsi və hekayələrini də daxil edib.

“Azərbaycanın bütün bölgələrinin mətbəxi çox zəngindir. Sadəcə olaraq onları araşdırmaq lazımdır. Elə yeməklər var ki, unudulub. Məsələn, kitabımda yer alan Şabran dolması. Əvvəllər onun adını heç eşitməmişdim. Şabranlı bir xanım mənə resepti təqdim edəndə çox sevinmişdim. Bütün bölgələrin özünəməxsus yemək mədəniyyəti var və hamısı zəngindir və gözəldir”, – kulinar “Voice of America”-ya müsahibəsində deyib.

Azərbaycanın milli mətbəxini okeanın o tayında – Amerikada tanıtmaq və bu barədə kitab yazmaq ideyasına gəldikdə, Fəridə Buyuran bu haqda belə söyləyib: “İnsan xaricdə yaşayanda öz mətbəxi üçün darıxır və onun dəyərini daha çox başa düşməyə başlayır. Yəqin ki, elə bu səbəbdən başladım. Əsas səbəblərdən biri də o idi ki, Azərbaycan mətbəxini xaricdə tanıdan və xaricdə yaşayan azərbaycanlılara kömək ola biləcək heç bir kitab və vebsayt görmədim. Ona görə də qərara gəldim ki, bu işlə özüm məşğul olum”.

Fəridə Buyuran okeanın o tayında Azərbaycanın mətbəxtinin tanınmadığını bildirib: “Təəssüflə qeyd etməliyəm ki, Amerikada Azərbaycan mətbəxini çox tanımırlar. Mən mətbəximizi tanıtmağa çalışanda onlar Yaxın Şərq, İran və Türkiyə ilə yaxınlıq və oxşarlıq görürlər. Bu ölkələrin mətbəxi onlara daha tanışdır. Vebsyata gəldikdə isə Azərbaycan haqda heç bir məlumat olmadığı üçün çox sayda insan səhifəyə gəlir, ya təsadüfən, ya da hansısa başqa bir yolla veb səhifəmi tapırlar. Həm ölkə haqda məlumatları olur, həm də mətbəx haqda məlumat əldə edirlər. Şərhləri oxuduqca doğrudan da çox qürurlanıram. Çünki mətbəximizi çox bəyəndiklərini söyləyirlər, mətbəximizin çox qeyri-adi olduğunu deyirlər. Buna görə də çox sevinirəm ki, bloqum vasitəsilə az da olsa bu yolda töhfə verə bilirəm”.

Dediyinə görə, amerikalıların milli mətbəximizdən diqqətlərini ən çox toyuq ləvəngisi çəkir. Bundan sonra plovlarımız – zəfəranlı, aş-qaralı plovlarımız və s. gəlir. Kulinar paxlava, şorqoğal və şəkərburamızı da amerikalılara sevdirə bilib.

Fəridə Buyuran kulinariyanın tədrisi ilə yanaşı, həm də onun Amerika mediasında təbliği ilə də məşğuldur. Eyni zamanda, ilk dəfə ABŞ-da Azərbaycan kulinariyasını dərs şəklində də tədris edir. Dərsdə iştirak edənlərin böyük əksəriyyəti amerikalıdır. Kulinar dərsdə amerikalılara Azərbaycanın bir sıra milli xörəklərinin bişirilmə qaydalarını öyrədir. O, bundan başqa amerikalılara öz evində də Azərbaycanın milli xörəklərinin bişirilmə qaydalarını öyrətməklə məşğuldur. Eyni zamanda, amerikalıların Azərbaycana “Mətbəx və mədəniyyət” turlarını təşkil edir. Tur iştirakçılarını ölkəmizin bir sıra rayonlarına apararaq müxtəlif kəndlərdə yaşayan azsaylı xalqların mətbəxi ilə tanış edir.

Fəridə Buyuran ən böyük arzusunun Amerika televiziyasında Azərbaycan mətbəxti ilə bağlı proqram təsis etməkdir.

Azərbaycanlı kulinar hazırda Kaliforniya Ştatının Lonq Biç şəhərində yaşayır. Türkiyəli Murat Buyuranla evlidir, bir qızı, bir oğlu var.