Pirallahı rayonu, Süleyman Bağırov küçəsində yerləşən yaşayış binasının sakinləri ciddi təhlükə ilə üz-üzə qalıblar.
NOCOMMENT.az xəbər verir ki, çökmüş və çürümüş vəziyyətdə olan taxta pilləkən, həmçinin hər an uçma təhlükəsi yaradan tavan sakinlərin gündəlik həyatını risk altına alır.
Onların sözlərinə görə, problemlə bağlı dəfələrlə Pirallahı Rayon İcra Hakimiyyətinə müraciət edilsə də, indiyədək hər hansı tədbir görülməyib.
“Bir dəfə uşaqlar yatanda tavan uçdu. Az qala 5 yaşlı nəvəmin üstünə düşəcəkdi. Gəlib baxırlar, amma heç nə etmirlər. Neçə vaxtdır deyirik ki, bizi köçürün. Burada yanğın da olub”, – deyə sakinlərdən biri narazılığını bildirib.
Digər bir vətəndaş isə vurğulayıb: “Biz normal şəraitdə yaşamaq istəyirik. 1996-cı ildən bura köçmüşük. Hər dəfə bizi aldadırlar ki, evləriniz söküləcək. Analarımız, nənələrimiz dünyasını dəyişdi. İndi uşaqlarımız böyüyüb. Biz də bu soyuqda yaşaya-yaşaya öləcəyik”.
Məsələ ilə bağlı Pirallahı Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən bina ilə bağlı məlumatlıdırlar:
“Qeyd edək ki, rayon ərazisində ümumilikdə 291 qəzalı bina mövcuddur və onlardan 12-si kəskin qəzalı hesab olunur. Sözügedən bina da həmin siyahıya daxildir. Qısa müddət ərzində əhalinin qanunvericiliyə uyğun şəkildə yeni binalara köçürülməsi istiqamətində müvafiq addımlar atılacaq”. / Baku TV/













