Ankara İrəvana Ağrı dağı ilə “dağ çəkəcək” – TƏHLİLbackend

Ankara İrəvana Ağrı dağı ilə “dağ çəkəcək” – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Qafqazda yaranan yeni reallıqlar sülhün, təhlükəsizliyin dayanıqlı hala gəlməsini şərtləndirir. Azərbaycan Ermənistan üzərində qələbə qazandıqdan sonra regional əməkdaşlığın konfiquriyası sürətlə dəyişir.

NOCOMMENT xəbər verir ki, reallıqlar vəziyyətə qlobal təsvir verməyi də zəruri edir, artıq dünya güclərinin regiona marağı artır və bir növ aşkar rəqabətə girişirlər.

Hələlik Cənubi Qafqaz uğrundakı qlobal maraqlar artan hibrid müharibə ilə müşayiət olunmur, ancaq gələcəkdə əməkdaşlıq platforması dərinləşdikcə ortaya çıxacaq yeni şərtlər fonunda hibrid müharibələrin elementləri özünü aşkara çıxaracaq.

Cənubi Qafqazdakı reallıqlar bölgə dövlətlərini öz maraqlarını Zəngəzur dəhlizi üzərindən yeni sferaya gətirməyə gündəlik təqdim edir.

Bu xüsusda Ermənistan Azərbaycanla və Türkiyə ilə münasibətlərini istiləşdirmək cəhdləri edir, hərçənd ki, bu, ilkin mərhələdir.

Ankara-İrəvan arasındakı əlaqələrin gələcək zəmini üçün sağlam bünövrələr qoyulur, artıq dialoq üçün hər iki ölkə xüsusi nümayəndə təyin edib (Bu işlər Azərbaycan və Türkiyənin koordinasiyası ilə həyata keçirilir).

Türkiyənin təyin etdiyi nümayəndənin, Serdar Kılıçın tərcümeyi-halından aydın olur ki, o, kifayət qədər peşəkar diplomatik təcrübəyə malikdir, üstəgəl Milli Təhlükəsizlik Şurasının baş katibi vəzifəsində də işləyib.

Türkiyə Ermənistanla danışıqlarda zəngin təcrübəyə malik diplomatın müzakirələrdə iştirak tərzinə, diktəedici tərəfə çevriləcəyinə qəti əmindir.

Ermənistanın təyin etdiyi xüsusi nümayəndə Ruben Rubinyan isə təcrübə və peşəkarlıq baxımından Serdar Kılıçdan olduqca aşağı səviyyəli hesab oluna bilər, o, Ermənistan parlamentinin vitse-spikeridir.

Danışıqların gedişatında Türkiyə münasibətlərdə heç bir mübahisəli məsələ qalmaması üçün gündəlik təyin edəcək, yəni təkcə iqtisadi prioritetlər əsas müzakirə mövzusu olmayacaq.

Türkiyə öz suverenliyini, ərazi bütövlüyünə nəzəri də olsa təhdidlərin aradan qaldırılması üçün Ermənistana şərt qoyacaq.

Söhbət ondan gedir ki, Ermənistanın Müstəqillik Aktında və Konstitusiyasında Türkiyəyə qarşı hədyanlar yer alıb.

Məsələyə aydınlaşdırıcı və konkretləşdirici tezis vermək üçün həmin sənədlərdən sitatlar gətiririk:

Müstəqillik Aktından (1990-cı ilin 23 avqustunda elan edilib) sitat: “Ermənistan 1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda baş vermiş erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir”.

Ermənistan Konstitusiyasına diqqət yetirək: “Ermənistan Respublikasının gerbində Nuhun gəmisi, Ararat dağı (Ağrı-dağ nəzərdə tutulur) və tarixi Ermənistan krallıqları əks olunub”.

Bir zamanlar Ermənistanda prezident olan və etdiyi cinayətlərlə qürrələnən Serj Sarkisyan da Ağrı dağını işğal edəcəklərini bildirmişdi.

Ağrı dağı Türkiyə ərazisindədir və Ankara heç zaman hansısa sənəddə öz suveren ərazisinə gerblər vasitəsilə ya da aşkar şəkildə təhdidləri qəbul edə bilməz.

Bu mənada deyə bilərik ki, münasibətlər ilkin mərhələnin şərtləri səviyyəsində qurulduqdan  sonrakı etaplarda Ankara İrəvan qarşısında konstitusiya məsələsini qoyacaq.

İrəvanın Ankara ilə münasibətlərinin hərtərəfli istiqamətdə normallaşması həm də Ermənistanın başqa ölkənin ərazisinə iddiadan əl çəkməsindən keçir.

İndi İrəvan paraqmatik siyasət üzərində özünün gələcəyini inşa etmək istəyirsə, Ağrı dağına qarşı mistik və utopik iddialarından əl çəkdiyini legitim şəkildə elan etməlidir.

Bu arada, postmüharibə dövründə Ermənistanda konstitusiya dəyişiklikləri də gündəmə gəlir, Ankara-İrəvan danışıqları intensivləşsə konstitusiyaya düzəlişlərdə Ağrı dağı məsələsinə son qoyulacaq.

Düzü Ermənistanın şərtləri qəbul etməmək üçün dirəniş göstərməyə heç bir resursu da yoxdur, bu mənada danışıqlarda Ankaranın şərtlər konsepsiyası üstünlük təşkil edəcək.

Qondarma erməni soyqırımı məsələsinə gəlincə, bu siyasi dəyərləndirmələrin yox, tarixi tədqiqatların predmetidir. Gələcəkdə yəqin ki, iki ölkə arasında tarixçilərdən ibarət müştərək komissiya yaradılacaq və Ermənistanın iddialarının yanlışlığı sübuta yetiriləcək.

oxu.az