Apple şirkətinin baş direktoru Tim Kuk ABŞ hökumətini qadcetlərə tətbiq edilən tarifləri qaldırmağa inandırıb.
NOCOMMENT.az xəbər verir ki, təfərrüatlar barədə The Washington Post (WP) qəzetinin jurnalistləri məlumat verib.
Nəşrin yazdığına görə, Kuk idxala sərt rüsumların tətbiqi ilə bağlı yaranmış böhranın həlli ilə şəxsən məşğul olmalı olub. Belə ki, İT nəhənginin rəhbəri ABŞ-ın ticarət naziri Hovard Lutnikə zəng edərək yüksək tariflərin iPhone və digər cihazların qiymətlərinin bahalaşmasına səbəb olacağını izah edib.
Qəzetin məqaləsində deyilir ki, Tim Kuk Ağ Evin bir çox yüksək rütbəli məmurları ilə də ünsiyyətdə olub. Eyni zamanda, o, dövlət başçısını qəzəbləndirməmək üçün diplomatik davranmağa və ABŞ prezidenti Donald Trampın siyasətini tənqid etməməyə çalışıb. WP müəllifləri Kukun Trampın andiçmə mərasiminə öz vəsaitindən bir milyon dollar bağışladığını xatırladıb. Jurnalistlər qeyd ediblər ki, Kukun səyləri “Apple”ı tariflərdən xilas edib – Tramp ABŞ-a idxal edilən smartfon və elektronika rüsumlarını ləğv edib.
WP jurnalistləri xatırladıblar ki, Apple rəhbəri Trampın ilk prezidentliyi dövründə də şirkəti tariflərdən uğurla müdafiə edib. Sonra ABŞ səlahiyyətliləri Amerika İT nəhəngini Çindən idxal edilən Apple məhsullarına rüsumlardan azad etdi. Mənbələr bildiriblər ki, Kuk Trampı inandıra bilib ki, məhdudiyyətlər Cənubi Koreyanın Samsung şirkətinə Apple üzərində üstünlük verəcək.
Əvvəllər tanınmış insayder Digital Chat Station 2026-cı ildə iPhone-un qiymətinin artmasının tutarlı səbəbini göstərmişdi. Onun sözlərinə görə, Apple yeni qabaqcıl A20 prosessoruna görə qiymətləri qaldırmalı olacaq.