Apteklərdə satışla məşğul olan bəzi şəxslərin tibb sahəsindən anlayışı yoxdur. Onların bir qismi əczaçı yox, satıcı kimi fəaliyyət göstərirlər. Maraqlıdır, dərman vasitələri haqda məlumatlı olmayan insanların bu işə cəlb edilməsi nə dərəcədə doğrudur?
NOCOMMENT.az xəbər verir ki, məsələ barədə tibb elmləri doktoru, professor Adil Qeybulla “yeni sabah”a danışıb. Bildirib ki, aptekdə ortatəhsilli şəxs sadəcə satış üzrə fəaliyyət göstərə bilər:
“Apteklər özəl sektora daxildir. Bu səbəbdən özəl olaraq fəaliyyət göstərirlər. Özəl klinikalarda olduğu kimi, burada da bir sıra problemlər var. Əslində tibb müəssisələri mülkiyyət formasından asılı olmayaraq, tibb qanunlarına əsasən fəaliyyət göstərməlidirlər. Apteklərdə ortatəhsilli şəxslər çalışa bilər. Lakin bu fəaliyyət təkcə satış məsələsi deyil. Dərmanların dövriyyəsinin bir hissəsi apteklərə bağlıdır. Dərman vasitələri aptek şəbəkəsinə daxil olur, orada saxlanılır. Saxlanılma şəraiti də burada əsas məsələlərdən biridir. Bəzi dərmanlar var ki, soyuducuda saxlanılmalı, soyuq zəncirdən kənarda olmamalıdır. Elə dərman preparatları var ki, tamamilə quru mühitdə saxlanmalıdır. Dərmanların saxlanılma qaydasının düzgün təyin edilməsi, utilizasiyasının vaxtında həyata keçirilməsi, satış qaydaları və s. məsələləri dərindən bilən, məlumatlı mütəxəssislərin apteklərdə çalışması daha düzgündür. Bütün bunları icra edən bilən şəxslər isə tibb işçiləri, əczaçılardır. Ortatəhsilli formaseplər isə apteklərdə satış qaydalarını öyrənib, orada fəaliyyət göstərə bilərlər”.
Professor qeyd edib ki, apteklərin fəaliyyəti araşdırılmalıdır:
“Müxtəlif sahədən olan və tibbi anlayışı, bu sahə üzrə təhsili olmayan insanların apteklərdə çalışması yolverilməzdir. Bu baxımdan, hesab edirəm ki, apteklərdə ciddi şəkildə araşdırma aparılmalıdır. Bu məsələlər qaydaya salınmalıdır. Bütün sahələrdə olduğu kimi, apteklərin fəaliyyətində də dünya standart və normalarını tətbiq etmək lazımdır”.