AQTA sahibkarlara müraciət etdibackend

AQTA sahibkarlara müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida məhsulları ilə təmasda olan material və məmulatlarla bağlı sahibkarlara müraciət edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, məlum olduğu kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 2025-ci il 20 may tarixli 56 nömrəli Qərarı ilə “Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları” (bundan sonra – Qaydalar) təsdiq edilib.

Bu Qaydalar insan həyat və sağlamlığını, eləcə də istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası mərhələlərində istifadə olunan qida məhsulları ilə təmasda olan material və məmulatlara dair tələbləri müəyyənləşdirir. Eyni zamanda ölkədə istehsal və emal edilən, habelə Nazirlər Kabinetinin 2023-cü il 4 aprel tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida təhlükəsizliyi nəzarətinə aid edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı”nda göstərilən material və məmulatları əhatə edir.

Qaydalara əsasən, qida məhsulları ilə təmasda olan material və məmulatlar insan sağlamlığına təhlükə yaratmamalı, qida məhsulunun tərkibini mənfi istiqamətdə dəyişməməli, habelə qida məhsulunun orqanoleptik (rəng, qoxu və s.) xüsusiyyətlərinin pisləşməsinə səbəb olmamalıdır.

Bundan əlavə, Qaydalarda müxtəlif növ, o cümlədən kağız, metal və şüşə əsaslı material və məmulatlara, habelə onların etiketlənməsinə dair xüsusi tələblər əksini tapıb, sözügedən məhsulların istehsalı ilə bağlı bəzi məhdudiyyətlər müəyyyən edilib.

Qida məhsullarının qablaşdırılmasında istifadə olunan material və məmulatların istehsalı zamanı sözügedən Qaydaların tələblərinə əməl olunması bu sahədə keyfiyyət və təhlükəsizlik göstəricilərinin yüksəldilməsi işinə ciddi töhfə verəcək.

Məlumat üçün qeyd edirik ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.8-ci maddəsində “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə cavab verməyən qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalına, emalına, satış məqsədilə saxlanmasına, satışına və ya başqa cür özgəninkiləşdirilməsinə görə fiziki, vəzifəli və hüquqi şəxslər üçün müəyyən məbləğlərdə cərimələr nəzərdə tutulub.

Nəzərinizə çatdırırıq ki, Qaydalar 2025-ci ilin 20 avqust tarixindən qüvvəyə minir.