“AQTA yeni açılan müəssisəni çökdürməməlidir” – Eyyub Hüseynovbackend

“AQTA yeni açılan müəssisəni çökdürməməlidir” – Eyyub Hüseynov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sabirabadda ifşa olunan pendir sexi kimi çoxlu qeyri-qanuni istehsal müəssisələri mövcuddur. Xüsusən sərinləşdirici içkilər, limonad, dondurma istehsalı ilə məşğul olan obyektlər bu sıraya daxildir. Çox təəssüflər olsun ki, bu istehsalçılar “ölkədə azad bazar iqtisadiyyatıdır, kim nə istəsə istehsal edə və sata bilər” deyə düşünürlər”.

NOCOMMENT.az xəbər verir ki, bunu bakupost.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Ekspert bildirib ki, fəaliyyətə başlayan istehsalçılar mütləq qeydiyyatdan keçməlidirlər:

“Lakin onlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində qeytiyyata alınma məsələsini unudurlar. Təsadüfi deyil ki, hər ay bizə müraciət edən 6-7 istehsalçıya AQTA ilə əlaqə saxlamağı məsləhət görürəm. İstehsala başlamaq üçün mütləq müəyyən normativ sənədlərin tələblərinə əməl olunmasını başa salıram. AQTA elə iş aparmalıdır ki, işə başlamış müəssisə birdən-birə yoxlanıb çökməsin. Onlara kömək etmək lazımdır. Əks halda ölkədə biznes çökər. Yəni AQTA-nin çatışmayan cəhətlərindən biri budur. Hansısa müəssisənin AQTA-də qeydiyyatdan keçməyib deyə bağlanması düzgün deyil. Lakin bizneslə məşğul olan insanlar da vəziyyətdən sui-istifadə etməməlidir. Sizi saytınız vasitəsilə müraciət edirəm ki, istənilən bir qida istehsalına başalayan şəxs mütləq “1003” qaynar xətti ilə əlaqə saxlasın və heç də çətin olmayan prosedurdan keçsin”.

Ekspertin sözlərinə görə, ölkədə fəaliyyət göstərən bu cür pendir sexləri insanların həyatı üçün təhlükə yaradır:

“AQTA-nin ifşa etdiyi bu kimi müəssisələrin məhsulları insanların həyatında öz mənfi izlərini qoyur. Xüsusən də başqasının mal nişanını mənimsəmək qətiyyən yolverilməzdir. Təəssüflər olsun ki, mal nişanı mənimsənilən müəssisələr özləri susurlar, media ilə effektli iş aparmırlar ki, bazarda haqsız rəqabət mühiti və istehlakçı hüquqlarının pozulması baş verməsin. Ona görə də bütün əhali bu işə nəzarət etməlidir. Bu nöqsanları görən insanlar müvafiq dövlət orqanlarına məlumat verməlidirlər, istehsalçını başa salmalıdırlar. İctimai nəzarət gərək öz yerini tapsın ki, bazarda ümumi vəziyyət normallaşsın”.

Qeyd edək ki, AQTA Sabirabadda keçirdiyi yoxlamalar zamanı pendir sexində nöqsanlar aşkar edib və sexin fəaliyyəti məhdudlaşdırılıb.