Araik günlərini sayır – Bütün separatçıları onun taleyi gözləyirbackend

Araik günlərini sayır – Bütün separatçıları onun taleyi gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ separatçılarının başçısı Araik Arutyunyanın tezliklə “vəzifəsindən” gedəcəyi gözlənilir. Artıq bir neçə gündür ki, Ermənistan mətbuatı bu məsələni gündəmə gətirərək, separatçı başının devrilməsi, onun yerinə Rusiyadan Qarabağa köçən erməni milyarder Ruben Vardanyanın gətirilməsi barədə xəbərlər tirajlayır. Məlumata görə, baş nazir Nikol Paşinyan da Arutyunyanın getməsində maraqlıdır.

Belə ki, bu yaxınlarda Araik paytaxt İrəvanda olmasına baxmayaraq, Təhlükəsizlik Şurasının iclasına dəvət olunmayıb. Məsələ burasındadır ki, Araik bundan əvvəl dəfələrlə Ermənistan Təhlükəsizlik Şurasının iclasına qatılıb. Erməni mətbuatı Araik Arutyunyanın Praqa görüşünün müzakirə olunduğu Təhlükəsizlik Şurasının iclasına niyə çağırılmadığı sualına cavab axtarır.

“Hraparak” qəzetinin irəli sürdüyü versiyaya görə, Paşinyan Arayikə qarşı bu yanaşma ilə Azərbaycan rəhbərliyini inandırmağa çalışır ki, Qarabağ mövzusu rəsmi İrəvan üçün artıq bağlıdır.

“İstisna deyil ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin Nikol Paşinyandan təkcə Qarabağa getməmək deyil, həm də “Artsax rəsmiləri”ni qəbul etməmək, birgə iclaslar keçirməmək barədə birbaşa tələbidir”, – deyə qəzet qeyd edib.

Erməni mediasında yazılanlar onu deməyə əsas verir ki, Arutyunyan tək “postunu” deyil, həm də Qarabağı tərk etməli olacaq.

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı modern-ə danışan Milli Məclisin Kəlbəcərdən seçilən deputatı Aqil Məmmədov bildirib ki, ermənilərin gördüyü işlər barədə əvvəldən proqnoz vermək çətin məsələdir.

Çünki onlar sözdə başqa, əməldə başqadırlar: “Ermənilər indi də yeni ssenari üzrə hərəkət edirlər. Nikol Paşinyanın Araik Arutyunyanla arasının pozulması və onun Qarabağdan qovulması həmin ssenarinin bir hissəsidir. Arayik onsuz da burada qalası deyildi. Ona görə də, indi onu aradan götürmək istəyirlər. Bundan öncə erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın Qarabağa göndərilməsi oyunun bir parçası idi. Bununla Qarabağdakı erməniləri ələ almaq, onları təhlükəsiz şəraitdə olduqlarına inandırmağa çalışırlar”.

Deputat vurğulayıb ki, Araiklə yanaşı, bütün separatçılar Azərbaycan torpaqlarını tərk etməli olacaqlar: “Elə onun yerinə gəlməyə hazırlaşan Vardanyan da burada çox qalası deyil. Rusiya vətəndaşı gəlib Azərbaycanın ərazisində necə “rəhbər” ola bilər? Sadəcə olaraq bu proses gələcəyin işidir. Gələcəkdə separatçılar ərazidən çıxmasalar, Azərbaycan tərəfi antiterror əməliyyatı keçirməklə onları məcbur çıxaracaq”.

A.Məmmədov vurğulayb ki, Ermənistanın qurduğu oyunlar bu ölkə üçün çıxış yolu olmayacaq, əksinə özlərini daha pis vəziyyətə salacaqlar: “Sülh sazişinin imzalanması, delimitasiya və demarkasiya prosesinin həyata keçirilməsi Ermənistanın yeganə çıxış yoludur. Qarabağdakı ermənilərə hansısa staus veriləsi deyil, bu məsələ artıq müzakirə mövzusu ola bilməz”.

Politoloq Zaur Məmmədov isə Arutyunyanla Paşinyan arasında ciddi problemin olduğunu düşünmür: “Sadəcə olaraq məsələ ondan ibarətdir ki, Ermənistan Qarabağın Ermənistan-Azərbaycan arasındakı danışıqlarda olmadığını elan edib. Bu kontekstdə Qarabağın dağlıq hissəsindəki separatçılarla Ermənistan hakimiyyəti arasında müəyyən fikir ayrılıqları yaranıb. Bu, hətta özünü 2022-ci ilin dövlət büdcəsinin təsdiqi zamanı da göstərib. Çünki yeni büdcəyə görə Qarabağın dağlıq hissəsindəki separatçılara maliyyə yardımı 14 faiz azalacaq. Araiklə Ruben Vardanyan arasında da problem yoxdur. Əgər problem olsaydı, Vardanyan Qarabağa gətirilməzdi. Hazırda separatçıların əksəriyyəti Vardanyanı Araikin yerində görmək istəyir. Buna Araik də etiraz etmir. Çünki başqa çıxış yolu yoxdur”.

Politoloq hesab edir ki, Paşinyanın Qarabağın dağlıq hissəsindəki separatçılara təsiri deyildiyindən azdır: “Araikin qovulub-qovulmaması məsələsi Paşinyan tərəfindən həll edilmir. Samvel Babayan və digər separatçılarla müqayisədə Arutyunyan Paşinyana daha yaxındır. Vardanyan Paşinyana yaxın olmamaqla bərabər Araiklə müqayisədə daha təhlükəli rəqibdir. Çünki Vardanyan Qarabağdan Ermənistana gələrək liderlik üçün öz ambissiyalarını irəli sürə bilər. Vardanyanın Rusiyaya, Fransaya yaxınlığı ilə seçilməsi, eyni zamanda müharibə iştirakçısı olmaması onun əhali tərəfindən dəstək qazanmasına səbəb ola bilər”.

Politoloq vurğulayıb ki, Ermənistan separatçıları onsuz da tezliklə Qarabağdan qovulacaq: “Erməni separatçıları başa düşməlidir ki, onsuz da Azərbaycan tezliklə yerli ermənilərlə danışıqlardan nəticə əldə edəcək. Beləliklə, yerli erməni icması Azərbaycana inteqrasiya ediləcək. Bu, Azərbaycanın qanunlarına əsasən baş tutacaq. Ancaq yenə də, barışmaz mövqe tutsalar, separatçılar oradakı 15 min erməninin taleyi ilə oynamış olacaq. Azərbaycan Ermənistanla münasibəti normallaşdırdıqdan sonra Qarabağın dağlıq hissəsində inteqrasiya işinə başlayacaq. Bu olmadığı halda Azərbaycanın orada antiterror əməliyyatı keçirməsi aktuallaşacaq. Bunu Xankəndində çox yaxşı bilirlər”.