Araiki Moskvaya kimlər və niyə aparıb? – Rusiya cavab verməlidirbackend

Araiki Moskvaya kimlər və niyə aparıb? – Rusiya cavab verməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndidə hələ də qalan separatçı-terrorçuların rəhbəri Araik Arutyunyan Moskvadadır. Erməni informasiya mənbələrində Arutyunyanın təcili Moskvaya çağırıldığı xəbəri yayılmışdı. Səfərlə bağlı məlumatlar baş separatçı-terrorçunun Rusiya paytaxtına “gəzmək” üçün getmədiyini göstərir.

1. Araik Arutyunyan Rusiyada xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşlər keçirir;
2. Rusiya Arutyunyanın Ermənistan hakimiyyətinin göstərişləri ilə hərəkət etməsindən narazıdır və onun Nikol Paşinyandan ayrılmasını istəyir;
3. A.Arutyunyanın Nikol Paşinyandan maliyyə asılılığını aradan qaldırmaq üçün Rusiyadakı erməni biznesmenlərə separatçıların maliyyələşdirilməsi göstərişi verilib;

Erməni mənbələrin məlumatlarından çıxan nəticələr bunlardır və ən mühüm məqam A.Arutyunyanın Moskvada görüşəcəyi xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən təlimatlar alacağı haqda deyilənlərdir.

Baş separatçı-terrorçunun Moskvaya səfəri Azərbaycan cəmiyyətində haqlı suallar və Rusiyanın sülh təmsilçiliyinə şübhələr yaradır.

Birincisi, müharibə cinayətkarı Rusiyada niyə qəbul olunur?

44 günlük müharibə zamanı Ermənistan tərəfindən Azərbaycanın mülki əhalinin yaşadığı şəhərləri, qəsəbələri raket atəşinə tutuldu. Nəticədə 100-ə yaxın dinc sakin şəhid oldu, yüzlərlə mülki vətəndaş yaralandı, minlərlə ev və infrastruktur obyektləri dağıdıldı. Bu, müharibə cinayətidir. Bütün müharibələrdə dinc əhalinin hədəf seçilməsi müharibə cinayəti kimi qəbul olunur. Azərbaycana qarşı müharibə cinayəti törədənlərdən biri də məhz Araik Arutyunyandır. Hələ müharibədən öncə Gəncəni bombalamaq təhdidini irəli sürən terrorçu müharibədə bunu etdiyini özü də etiraf edir. Rusiya Azərbaycan tərəfindən axtarışa verilən, müharibə cinayətkarının Moskvaya səfərinə niyə göz yumur?! Azərbaycanın cavab gözlədiyi ilk sual budur.

İkincisi, baş separatçı-terrorçu Moskvaya hansı pasportla gedib?

Qarabağda işğal dövründə Ermənistan tərəfindən qurulan qondarma rejim heç bir ölkə tərəfindən, o cümlədən, Rusiya tərəfindən tanınmayıb. Separatçı-qondarma rejimin “pasportları” Ermənistanın özü tərəfindən belə qəbul olunmayıb. Necə olur, A.Arutyunyan heç bir mane olmadan Moskvaya səfər edir və hansı pasportla? Bu, Qarabağdakı separatçıların gizli formada Rusiya pasportu daşıdığı ehtimalını önə çıxarır. Moskva bu məsələyə aydınlıq gətirməlidir: Arutyunyan hansı pasportla səfər edib, Azərbaycan torpaqlarındakı separatçılar Rusiya pasportuna sahibdirlərmi?

Üçüncüsü, bu səfər kimlər tərəfindən və hansı məqsədlə təşkil olunur?

Məlumatlar da təsdiqləyir ki, Araik Moskvaya gəzmək üçün getməyib və orada Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşür. Bu informasiya səfərin rəsmi Moskvanın məlumat çərçivəsində gerçəkləşdiyi deməkdir. Xeyr, Moskva təşkil etməyibsə, o zaman, Rusiya daxilində separatçı-terrorçulara kimlər dəstək verir? Moskva cavab verməlidir, çünki baş verənlər Rusiyanın Qarabağdakı sülh missiyasına ziddir.

44 günlük müharibədən sonra Dağlıq Qarabağda sülhü və birgəyaşayışı təmin etmək məqsədilə Rusiya sülhməramlıları bölgəyə gəldi. Bu, Azərbaycan dövlətinin icazəsi ilə mümkün oldu, çünki o torpaqlar Azərbaycanındır və rəsmi Bakının icazəsi olmadan heç bir qüvvə bölgəyə gələ bilməzdi. Azərbaycan bölgədə sülhün təmin olunması, Rusiya ilə münasibətlərin daha da inkişaf etməsi üçün bu icazəni verib. Lakin proseslərin inkişafı və bəzi xoşagəlməz hadisələr Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyasına kölgə salır.

A.Arutyunyanın Moskva səfəri xoşagəlməz hadisələrin sonuncusudir. Sual yaranır: Dağlıq Qarabağda sülhməramlı missiyasını yerinə yetirən Rusiya separatizmə dəstək verir?

Separatizmin nə olduğunu öz təcrübəsində yaxşı bilən Rusiyanın bu addımları başadüşülən deyil. Şimali Qafqazda separatizmə qarşı mübarizəyə Rusiya dövləti çox enerji xərcləyib. Əhməd Zakayevin “İskeriya respublikasının prezidenti” kimi Avropa paytaxtlarına səfərləri Moskva tərəfindən qəzəblə qarşılanır. Bu təcrübəyə malik olan Rusiya niyə Arutyunyanın Moskva səfərini təşkil edir, yaxud bunu təşkil edənlərə göz yumur?!

Azərbaycan dövləti və xalqının Rusiyadan cavab gözlədiyi suallar çoxdur.

– Dağlıq Qarabağdakı separatçı-terrorçuların başçısı Moskvaya niyə gedib?
– Arutyunyan hansı pasportla səfər edir, onun və digər separatçıların Rusiya paposrtu varmı?
– Baş separatçı-terrorçu Moskvada kimlərlə və hansı məqsədlə görüşlər keçirir?
– Dağlıq Qarabağda sülhməramlı missiyasını yerinə yetirən Rusiya Qarabağda separatizmə dəstək verir?

Moskva susmamalı, haqlı suallara cavab verməlidir, ən azından sülhməramlı missiyasında səmimi olduğunu sübut etmək üçün…

Asif Nərimanlı