Binəqədi Rayon Məhkəməsində “Araz Supermarket” MMC barəsində tərtib edilən protokol araşdırılır.
NOCOMMENT.az xəbər verir ki, marketlər şəbəkəsi barəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib olunan protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Hazırda məhkəmədə barəsində protokol tərtib edilmiş MMC ilə bağlı müraciətə baxılır.
Qeyd edək ki, Dövlət Xidməti şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-cü (İstehlakçıların hüquqlarının pozulması, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına) maddəsinə əsasən cərimə protokolu tərtib edib.
İstehlakçıların hüquqlarının pozulmasına görə fiziki şəxslər 150 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə cərimə edilir.
Xatırladaq ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bundan əvvəllər də “Araz Supermarket” barəsində qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb.
Bir müddət əvvəl isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Araz Supermarket” MMC-nin İcraçı direktoru və İdarə Heyətinin sədri Rəşad İbrahimov barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib. Buna səbəb isə R.İbrahimovun baş verən bədbəxt hadisə barədə müvafiq qurumu məlumatlandırmaması olub. İdarə Heyətinin sədri dövlət qurumunun qərarından narazı olsa da, məhkəmə onu cərimə kəsib.