Artur Rasizadə: Çox xoşbəxt olardım ki, bəziləri kimi Azərbaycan dilində danışa bilimbackend

Artur Rasizadə: Çox xoşbəxt olardım ki, bəziləri kimi Azərbaycan dilində danışa bilim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əgər kiminsə həyatının 60 ildən çoxu dövlət işində keçibsə, o mütləq darıxacaq. Bu, təbiidir. Birmənalı olaraq, darıxıram”.

NOCOMMENT xəbər verir ki, bu sözləri sabiq baş nazir Artur Rasizadə Modern.az-a geniş müsahibəsində deyib. O, yoldaşı ilə tanışlığından da bəhs edib: “Yoldaşımla eşq yaşamışam. Dərin bir eşq! Bəli, eşq! Ailə qurmağımızda kimsənin müdaxiləsi olmayıb…”

Sabiq baş nazir Azərbaycan dilində yaxşı danışa bilməməsinə münasibət bildirib: “O qədər ata-anası azərbaycanlı olub yarıtmaz işlərlə məşğul olanlar var ki! Onda nə ilə məşğul olurdular, yaxud da indi nə ilə məşğul olurlar!… Düzdür, çox xoşbəxt olardım ki, bəziləri kimi Azərbaycan dilində danışa bilim. Həyat elə gətirib ki, rus dilində oxumalı olmuşuq. Buna baxmayaraq, danışanda Azərbaycan dilində rahat danışıram, danışanı da 100 faiz başa düşürəm. Ancaq latın qrafikasının hərflərini oxuyanda çətinlik çəkirəm. Baş nazir olanda nə qədər sənədlərə imza atmışam. Heç bir sənədi oxumamış imza atmamışam. Bu, ola da bilməzdi.

Sizə bir sirr açım: mənim bir gözüm görmür. Bu, çoxdan belədir. O zaman çıxıb deməli idim ki, gözümün biri görmür?!”

A.Rasizadə yaxın ailə üzvlərindən heç kimin vəzifədə olmadığını söyləyib: “Bir hadisə olmuşdu, ad çəkmək istəmirəm. Xahiş etmişdilər ki, “filankəsi vəzifəyə qoyaq”. “Nə qədər ki mən Baş nazirəm, bu, baş tutmayacaq” demişdim. Xarakterim belə olub. Bu da ailəmdən gələn tərbiyədən asılıdır.

Dövlət Plan Komitəsinin müavini idim. İsmayıl Əliyev vardı. Allah rəhmət eləsin! Neft Akademiyasının rektoru olub. Bir dəfə kabinetdə oturmuşam. Katibə dedi ki, “İsmayıl müəllim sizinlə danışmaq istəyir”. O zamanlar gənc idim. İsmayıl müəllim yaşca məndən boyük idi. Heç demə, o xəbər tutub ki, Nailə Rasizadə mənim qızımdır. Mənə dedi ki, “sənin qızına tələbə vəsiqəsini mən verirəm, ancaq sən bir dəfə də olsun mənə deməmisən ki, qızın burada oxuyur. Qızına nə köməklik lazımdırsa, edərəm”. Cavab olaraq “kömək məsələsi bizlik deyil” dedim”.