Arutyunyan kimdir ki, Xankəndidə fövqəladə vəziyyət elan edir?!backend

Arutyunyan kimdir ki, Xankəndidə fövqəladə vəziyyət elan edir?!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf-a müsahibə verib.

NOCOMMENT.azhəmin müsahibəni təqdim edir:

– Fazil bəy, Fərrux kəndini Azərbaycanın nəzarətə götürməsini qarşı tərəf özü üçün hansı təhlükə hesab edir ki, belə səs-küy qaldırır?

– Bu məsələ birdəfəlik prinsipial olaraq aydınlaşmalıdır. Azərbaycanın öz ərazisində hər hansı dağı, təpəni nəzarətə götürməsi onun konstitusion hüququna aid məsələdir. Bu, beynəlxalq hüquqla da tənzimlənir. Azərbaycan Qafanda, yaxud Sisianda hansısa təpəni nəzarətə götürməyib. Ona görə də, Azərbaycana qarşı bu “ittihamlar” olduqca absurd mahiyyət kəsb edir. Bunu təbliğata çevirməyin özünün adı yoxdur.

– Bu nədən qaynaqlanır?

– Biz bir sıra məsələlərdə daha qətiyyətli davranmalıyıq. Danışıqlarda, müzakirələrdə bu məsələlər kəskin qoyulmalıdır. Azərbaycan ordusunun ərazimizə hansısa dağı, təpəni nəzarətə götürməsinə bunlar belə narazıdırlarsa, biz Ermənistan ərazisində hansısa təpəni götürə bilərik. Bunu istəyirlərsə, edək.

Azərbaycan öz əhalisinin təhlükəsizliyini təmin etmək üçün bu addımı atır. Qarabağda biz müvəqqəti olaraq erməniyə imkan yaratmışıq ki, normal insan kimi yaşasınlar. Əslində bu, qarşı tərəfə sağlam düşüncəyə qayıtmaq üçün verilən zamandır. Əks halda kiminsə ürəyi istədiyini etməsinə imkan verilməyəcək.

– Sizcə, indiki şəraitdə bunu zəruri edən məqam nədən ibarət idi?

– Azərbaycan mövqeləri həmin ərazilərdən atəşə tutulursa, buna da uyğun addım atılıb. Narahatlıq üçün əsas yoxdur. Həmçinin Ermənistanın, Rusiyanın çağırışlarına cavab verməliyik ki, buyursunlar, imkan yaratsınlar, Ermənistanda təpələri nəzarətə alaq, onda çağırışları daha məntiqi səslənər. Düşünmürlər ki, bu, Azərbaycana qarşı olduqca absurd bir təbliğatdır. Bunu Fransaya, ABŞ-a və başqalarına da aid etmək lazımdır. Çünki hazırda bu proses ətrafında o qədər mənasız təbliğat gedir ki, bunu başa düşmək olmur.

Azərbaycan hansısa bir erməni əhaliyə atəş açmayıb, ölən, yaralanan yoxdur. Rusiya Müdafiə Nazirliyi yalandan məlumat yaysa da sonradan məlum oldu ki, Azərbaycan və erməni tərəfindən heç kəs xəsarət almayıb.

– 2020-ci ilin 10 noyabrında əldə edilmiş razılaşmanın 4-cü bəndinin icra vəziyyəti ilə bağlı nə demək olar?

– Bu məsələdə Azərbaycan bir qədər daha fəal mövqe tutmalıdır. Xankəndidə hələ də qalmaqda olan qondarma rejim başçısı Araik Arutunyan orada “hərbi vəziyyət” elan edib. Bu baxımdan dərhal rus sülhməramlısına və Rusiya dövlətinə etiraz edilməlidir. Bu hərbi cinayətkar kimdir ki, orada fövqəladə vəziyyət elan edir?

Həmçinin Bəyanatın 4-cü bəndinə uyğun olaraq orada olan qanunsuz hərbi birləşmələrin ləğvi nəzərdə tutulub. Buna əməl edilməlidir. Rus sülhməramlıları Xankəndidən caniləri çıxara bilmirsə, kənara dursun, biz onları özümüz oradan qovaq. Azərbaycan bu məsələdə müstəqil addım atmalıdır.

– Qardaş Türkiyə bu prosesdə nə dərəcədə rol ala bilər?

– Biz bu məsələləri Türkiyə ilə koordinasiyalı şəkildə etməliyik. Azərbaycan özünün istənilən ərazisində antiterror əməliyyatlarını icra edə bilər. Çünki bu məsələlər bizim ərazimizdə baş verir. Buna biz biganə qala bilmərik. Eyni zamanda biz Laçın dəhlizi məsələsini də gündəmə gətirməliyik. Ermənistan Zəngəzurdan yol vermirsə, Laçın dəhlizindən necə istifadə edə bilər? Bu, hansı məntiqə uyğun gəlir?

Qarşı tərəf imzalanan sənədin ruhuna zidd addım atırsa, biz də buna tab gətirə bilmərik. Həmin sənədin qüvvədən düşməsi kimin xeyrinə olacaq, bunu zaman göstərəcək.

Amma bizim hədəfimiz odur ki, bu torpaqları təmizləyək. Sülh üçün müəyyən dərəcədə imkan yaradıldı. Bundan yararlanan olmayacaqsa, qalan məsələləri də ardıcıllıqla həll edəcəyik. Çünki bu gün rus sülhməramlısı prosesə nəzarət edə bilmirsə, kənara dursun. biz özümüz hər şeyi təmin edək. Məsələnin əsl mahiyyəti budur.

– Xankəndinin “qaz təchizatı” ətrafında yaranmış siyasi manipulyasiyaya səbəb nə idi?

– Xankəndi və ətrafda olan ərazilərin mümkün kommunikasiya təminatı Azərbaycandan asılıdır. Azərbaycan yol verməsə, ümumiyyətlə Qarabağa gediş-gəliş mümkün olmayacaq. Ona görə də, prosesin irəliyə doğru getməsi üçün bir anlayış ortaya qoyuruq.

Amma o demək deyil ki, bundan bizə qarşı istifadə edə bilərlər. Orada qaz təminatına və digər məsələlərə biz nəzarət edirik. Bundan öncə ermənilər başqa adlarla gəlib orada minalar basdırırdı və qanunsuz işlər görməyə çalışdılar.

Bizim onlara borcumuz yoxdur ki, gündə gedib qaz xəttləri təmin edək! Azərbaycan dövlətinə tabe olduqdan sonra ölkədəki ümumi təminatdan onlar da yararlana bilər.

– Fərrux dağının Fransaya, ABŞ-a nə dərəcədə aidiyyəti var?..

– Başqalarının bizim ərazimizdə ayrıca dövlət qurmaq istəyinə düşməsi heç kimə arzulanan deyil. Burada hansısa səfeh bir fransızın arzuladığı dövlət qurmağa Azərbaycan imkan verməyəck. Getsinlər Korsikada, Marseldə yaşasınlar. Kimə xoşdursa aparsın yanında saxlasın. Bizim ərazimizdə terror yaymaq mümkün olmayacaq. Onlar üçün iki seçim imkanı var. Ya getməlidirlər, ya da Azərbaycan dövlətinin qanunlarını qəbul edib dinc yaşamağa başlamalıdırlar.

Müharibədən iki ilə yaxın zaman keçməsinə baxmayaraq, Azərbaycan dövlətinə hər hansı müraciət etməyiblər. Yəqin ümid edirlər ki, hansısa bir qüvvənin yardımı ilə aktivləşə bilərlər. Halbuki indi dövr dəyişib. Bu bölgənin təhlükəsizliyi tək Azərbaycana aid deyil, bu, həm də Türkiyəyənin məsələsidir. Bunu yaxşı düşünmələri lazımdır./Teleqraf