Arutyunyanın Kürdəmirdə yaşayan bacısı nələr danışdı?backend

Arutyunyanın Kürdəmirdə yaşayan bacısı nələr danışdı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyanın Kürdəmirdə yaşayan bacısı Zoya Arutyunovanın virtualaz.org-a müsahibəsini qısa ixtisarla təqdim edir:

79 yaşlı Zoya Arutyunovna təmiz azərbaycanca danışır. Hərçənd erməni və rus dillərində də ayrı-ayrı frazaları xatırlayır. Axı burada, Kürdəmirin ucqarlarında o bütün həyatını azərbaycanlı ərinə həsr edib, onun naminə öz qohumlarından və yaxınlarından imtina edib. “Anam etiraz edirdi. Mən isə gənc, 19 yaşında qız idim. Və anam soruşdu – sən hansısa Kürdəmirin kəndinə hara gedirsən?” – gənclik fotolarına utancaq nəzər salan qoca qadın deyir.

– Amma mən israr etdim. Bu mənim seçimim idi! Ərimin familiyasını qəbul etdim. Amma ata adımdan imtina etmədim,-gözlərində və səsində əminlik hiss olunur.

– Siz Saqiyan kəndində doğulmusunuz?

– Hə, o Şamaxıda ermənilərin yaşadığı kənd idi.

– Bəs məktəbdə hansı dildə təhsil almısınız?

– Mən erməni məktəbində oxuyurdum.

– Necə, Şamaxıda erməni məktəbi də vardı?

– Bəli, amma həftədə üç dəfə Azərbaycan dili dərsi də keçirdik.

– Valideyinləriniz də Şamaxıda anadan olub? Ermənilər Şamaxıya necə gəlib çıxıblar? Onlar sizə bu haqda danışırdılarmı?

– Yox. Amma nənəmlə babam da o kənddə doğulublar. Və ulu babam da Şamaxıda anadan olub.

– Erməni kilsəsinə gedirdiniz?

– Yox, o vaxtlar ateizm dövrü idi. Kənddə erməni kilsəsi vardı, amma məscid kimi onu da anbara çevirmişdilər. Mən heç vaxt erməni keşişi görməmişəm. Və ailəmizdə hamı kommunist idi. Atam tanınmış adam olub, rayonda vəzifə tuturdu.

– Bəs qardaşlarınız və ya bacılarınız?

– 5 bacı, 2 qardaş olmuşuq. Və hamımız ali təhsil almışıq. Böyük bacım Asya Arutyunyan rayon komsomolunun katibi vəzifəsini tuturdu. Sonra univermaq direktoru, xalça toxuma fabrikinin direktoru oldu. Yeri gəlmişkən, Asya da azərbaycanlıya ərə getmişdi, Bağırova. Qarabağ hadisələri başlayandan sonra ailəmizin bütün üzvləri buradan köçüb getdilər. Asya isə 1988-ci ildə vəfat etdi.

– Bəs qardaşlarınızın aqibəti necə oldu?

– Böyük qardaşım Vladimir Arutyunyan hərbçi olub. Müharibə başlayandan sonra o, Azərbaycandan köçüb gedib.

– Bəs kiçik qardaşınız?

– O da hərbçidir.

– Bəs kiçik qardaşınızın adı nədir?

– Mixail Arutyunyan.

– Yox, Mikael Arutyunyan. Bu, onun rəsmi bioqrafiyasında belə göstərilib.

– Doğru deyil. Onun adı Mixail idi.

– Bilirsinizmi ki, qardaşınız Ermənistanda məşhur hərbi rəis olub və müdafiə naziri postunu tutub?

– Bilirəm. Onun haqqında çox eşitmişəm. Televizordan. Amma o ki indi İrəvanda deyil.

– İndi onu axtarırlar. Moskvada gizlənir.

– Qoy axtarsınlar. Bilirəm. Paşinyan onu həbs etmək istəyirdi. Lakin o qorxmur. Bizim nəsildə qorxaq olmayıb.

– Qardaşınızı televizorda görəndə nə hiss edirdiniz?

– Ağlayırdım, çox ağlayırdım…

– Onun üçün darıxırdınız?

– Hə. 30 ildir onu görmürəm. Qardaşını 30 ildir görməyən bacı nə hiss edər?

– Doğrudanmı son 30 ildə bir dəfə də olsun qardaşınıza zəng etməmisiniz və ya görüşməmisiniz? O ki sizin qardaşınızdır…

– Əlbəttə istəmişəm. Lakin mən öz taleyimlə barışmışam. Nə edə bilərdim. Başa düşürdüm ki, bu mümkün deyil. Mən özümə qapandım…

– Bəs qardaşınız sizinlə görüşməyə can atıb?

– Necə? O mənimlə necə görüşə bilərdi? Axı bizim xalqlarımız arasında belə düşmənçilik var. Lakin etiraf edirəm ki, mən uşaqlıqdan ona çox bağlı idim.

– Qarabağda olmusunuz?

– Yox, heç vaxt.

– Bəs Azərbaycan-Ermənistan münaqişəsi haqda nə düşünürsünüz? Onu necə həll etmək olar?

– Bütün bunları Ermənistanda və Qarabağda hakimiyyətdə oturanlar törətdi. Mən televizorda işğaldan azad olunmuş rayonları görmüşəm – Cəbrayılı, Füzulini və digərlərini. Nəyə görə onlar həmin şəhərləri tamamilə dağıdıblar? Əgər orada yaşamaq istəmirdilərsə niyə dağıdırdılar? Həmin şəhərləri və kəndləri Yer üzündən siliblər. Hakimiyyətlər hər şeydə günahkardır.

– Budur, siz ermənisiniz. Azərbaycandakı erməni kəndində doğulub böyümüsünüz. Həmin illərdə azərbaycanlılar ermənilərə necə yanaşırdı?

– Biz həmişə xoşbəxt və mehriban yaşamışıq. Kimin azərbaycanlı, kimin erməni olmasına fərq qoymamışıq. Bu illər ərzində Kürdəmirdə yaşamışam, amma heç kim məndən milliyətimi soruşmayıb. Qarabağdakı və Ermənistandakı terrorçular, quldurlar günahkardır. Mən düşünürəm ki, onlar düzələn deyil. Qoy onlar öz Ermənistanlarına geri qayıtsınar. Nəyə görə onlar Gəncəni bombaladılar? O qədər adam həlak oldu!

Amma əvvəllər, sovet dövründə belə qarşılıqlı nifrət yox idi.

– Bilirsinizmi ki, dinc azərbaycanlıların güllələnməsinə əmr verənlərdən biri də qardaşınız idi?!

– Belə olan halda qoy mənim qardaşım da elədiklərinə görə cavab versin. Mənə azərbaycanlılara qarşı bu nifrətin səbəbi məlum deyil.

– Nəyə görə qardaşınız azərbaycanlılara belə nifrət elədi? Bu etnik nifrət haradan qaynaqlandı?

– Mənə bu aydın deyil. Sovet ordusunda xidmət edəndə o, məzuniyyətə Azərbaycana gələrdi. Həmişə burada, Kürdəmirdə mənə baş çəkərdi. Ona stol açırdım, azərbaycanlılarla yeyib-içirdi, onlar dostcasına ünsiyyətdə olurdular. Mixail həmişə bizdə qonaq qalırdı. Bütün qonşularım onu tanıyır. Onu İrəvandan televizorda göstərəndə qonşularım məni çağırırdı ki, bax, qardaşını göstərirlər…