Arzuolunmaz Fransa – keçmiş müstəmləkələr Makrona qarşı – ŞƏRHbackend

Arzuolunmaz Fransa – keçmiş müstəmləkələr Makrona qarşı – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa tarixinin ən böhranlı günlərini yaşayır. Bir tərəfdə hökumət böhranı, digər tərəfdə xarici siyasətdə yaşanan uğursuzluqlar ölkəni xaosa aparır. Emmanuel Makronun prezidentliyi problem dalınca problem gətirir. Demokratik ənənələrdən, insan hüquq və azadlıqlarından danışan Fransa hələ də kolonializm siyasətindən əl çəkmək istəmir.

Bəllidir ki, Fransa Afrika ölkələrinə müsibətlərdən başqa heç nə gətirməyib və bu tarixi sənədlərdə öz əksini tapıb. Afrika qitəsi ən qəddar vasitələrlə ram edilib, təbii sərvətlər talanıb, baş qaldıran etirazlar ən sərt və qəddar müdaxilələrlə yatırılıb. Bu ölkə Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırımı üçün məsuliyyət daşısa da, bunu etiraf etmək istəmir.

Ən təhlükəlisi odur ki, keçmiş müstəmləkələrdə Yelisey sarayına nifrət getdikcə bütövlükdə fransızlara qarşı yönəlir. Bunun fəsadı isə çox ağır ola bilər. Fransa hökumətinin əvvəlki xarici siyasət kursundan əl çəkdiyini və hərbi kontingentin çıxarılmasını bəyan etməsinə baxmayaraq, bu ölkələrə iqtisadi nəzarəti zəiflətmək fikrində deyil.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, keçmiş Afrika müstəmləkələrində təsirini itirməyə davam edən Parisə qarşı çıxan dövlətlərin sırasına Çad da qoşulub. Çad Fransa ilə hərbi əməkdaşlıq müqaviləsini ləğv edib. Bu, Sahel bölgəsində Fransa hərbi kontingentinin hələ də qaldığı son ölkədir. Bundan əvvəl Qərbi Afrikada Fransanın dayağı hesab edilən Seneqalda da oxşar qərar elan edilib.

Hərbi qüvvələrin çıxarılması bu ölkələrlə iqtisadi əməkdaşlığın dayandırılmasına səbəb olmasa da, Saheldəki bazaların itirilməsi faktı, əlbəttə ki, Fransa prezidenti Emmanuel Makronun xarici siyasət uğursuzluqlarından biridir. Fransanın bu ölkədə təxminən 1000 nəfərlik hərbi kontingenti var. Apreldə yerli hökumətin tələbi ilə ABŞ hərbçiləri qismən Çadı tərk etdilər. 2019-cu il hərbi əməkdaşlıq müqaviləsinin ləğv edilməsi qərarının nə vaxt qəbul edildiyi məlum deyil. Lakin bu barədə Fransanın yeni xarici işlər naziri Jan-Noel Barronun Çada səfərindən bir gün sonra – 29 noyabrda açıq şəkildə məlumat verilib. Bu isə zərbəni xüsusilə ağrılı edir.

Fransada Afrikada mövcudluğun azaldılmasına münasibət birmənalı deyil. Bir tərəfdən, burada başa düşürlər ki, bu, gec-tez baş verməli idi. Fransa öz müstəmləkələrindən həddindən artıq uzun müddət yapışıb qalıb və özündən sonra xoş olmayan xatirələr qoyub. Eyni zamanda, fransızların Afrikadakı hərbi mövcudluğu məhz Makronun dövründə sürətlə azalmağa başlayıb. O, hələ 2020-ci ildə Sahel regionunun beş ölkəsinin rəhbərləri ilə görüşüb. Hazırda həmin beşlikdən hakimiyyətdə qalan yeganə şəxs Mavritaniya prezidenti Mohamed Qazuanidir. Digər bütün ölkələrdə dövlət çevrilişləri baş verib və Fransaya münasibət kəskin şəkildə pisləşib.

Digər bir keçmiş Fransa müstəmləkəsi Nigeriya ilə də bağlı vəziyyət qənaətbəxş deyil. Makron hakimiyyəti Nigeriyada mövqelərini qoruyub saxlamaq üçün bu dövlətin rəhbərini Parisə dəvət edib, müəyyən sazişlər imzalanıb. İndi bu səfərin təfərrüatları bəlli olur. Prezident Bola Əhməd Tinubu bir sıra güzəştli iqtisadi layihələrə imza atmağa məcbur edilib. Bəli, məhz məcbur edilib.

Məlumat üçün bildirək ki, Nigeriya hazırda Fransanın ən böyük ticarət tərəfdaşlarından biridir. İmzalanan müqavilələrin məbləği 300 milyon avrodur.

Fransanın hədəfinə gəldikdə, bu, bəllidir. Şirnikləndirici vədlər verib onu iqtisadi asılılığa salmaq. Fransa şirkətləri bu Afrika ölkəsindən ucuz və keyfiyyətli neft çıxarır və əvəzində benzin və digər emal məhsullarını sataraq bundan böyük mənfəət əldə edirlər. Bir sözlə, Fransanın Nigeriya ilə iqtisadi münasibətləri tipik neokolonial istismar modelidir.

Qərbin maliyyə institutları ilə birtərəfli əməkdaşlıq qaçılmaz olaraq borc tələsinə düşməyə gətirib çıxarır. Artıq bu gün Nigeriyanın xarici borcu 40 milyard dollardan çoxdur. Və keçən il ərzində 2%-dən çox artıb. Bu borcun əsas payı Dünya Bankı və Afrika İnkişaf Bankına (AİB) məxsusdur.

Görünən odur ki, Makron hakimiyyəti qürubunu yaşayır. Ölkə daxilində siyasi analitiklər prezident Makronun manevr imkanlarının da son dərəcə daraldığını vurğulayırlar. Hər keçən gün onun hakimiyyətinin vəziyyətini ağırlaşdırır. Hökumətlər bir-birini əvəz edir, ölkədə vəziyyət dəyişmir. Elə keçirilən rəy sorğuları da onun uğursuzluqlarını göstərir.

Fransa vətəndaşlarının 54 faizi 2025-ci ildə növbədənkənar seçkilərin keçirilməsi üçün hazırkı Prezident Emmanuel Makronun istefası fikrini dəstəkləyir. Hətta Emmanuel Makronun istefası tələbi ilə dekabrın 7-də Parisdə keçirilən nümayiş də onu mövqeyindən döndərə bilməyib. Vətənpərvərlər Partiyasının lideri Florian Filipponun təşəbbüsü ilə keçirilən aksiyada “Makron istefa!” şüarları səslənib. F.Filippo həmçinin Fransa liderinin həyat yoldaşı Bricit Makronun “fransızlar ona layiq deyil” sözlərini ələ salıb və prezident cütlüyünü “çamadanlarını yığmağa” çağırıb.

Xüsusi qeyd edilir ki, Makron son yeddi ildə millətin təməllərinə hücum etdi.

Prezident isə bütün bunların fonunda prezidentlik müddətinin başa çatacağı 2027-ci ilə qədər vəzifəsini davam etdirəcəyini vurğulayıb. Şübhəsiz ki, bu da ölkədə daxili siyasətin daha da ağırlaşmasına gətirib çıxara bilər. Çıxış yolu isə dəfələrlə qeyd etdiyimiz kimi, hakimiyyətin başqa ölkələrin daxili işlərinə qarışmaqdan imtina etmək, neokolonializmdən imtina etməkdən keçir.