ASALA, PKK himayəçisi Fransanın Moskva terrorundakı izi – TƏHLİLbackend

ASALA, PKK himayəçisi Fransanın Moskva terrorundakı izi – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa terrorizmi dəstəkləyən dövlət kimi də dünya tarixində xatırlanacaq. Uzun illər müstəmləkə torpaqlarında dinc sakinlərə qarşı törətdiyi soyqırımı azmış kimi, bəzi terror cinayətlərinin də mərkəzində Fransa dayanır.

Ötən il Mali hakimiyyəti Fransadan hərbçilərini çıxarmağı tələb etmişdi. Buna səbəb fransızların terrorçularla əlaqəsi göstərilirdi.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Fransa hakimiyyəti Afrikada iradəsinə tabe olmayan, Yelisey sarayının ağalığına qarşı mübarizə aparan neçə-neçə siyasətçini fiziki olaraq məhv edib.

Bu gün isə Moskvada “Crocus City Hall”da törədilən terror hadisəsinin günahkarları araşdırılır. “Bu cinayəti hansı dövlət və niyə törədib?” sualına cavab axtarılır. Siyahıda adı ilk yerdə gələn ölkələrdən biri məhz Fransadır.

Rusiya Milli Təhlükəsizik Şurası sədrinin müavini Dmitri Medvedev “Crocus City Hall”da baş verən hadisədə Fransa prezidenti Emmanuel Makronun adını çəkib. Müxtəlif dəyərləndirmələrə əsasən, rəsmi Paris bu dəhşətli terror aktının sponsorlarındandır.

Fransanın adı bu cinayətdə, nəzəri cəhətdən olsa belə, niyə hallanır? Beynəlxalq aləmdə elə hadisələr baş verir ki, onun müəllifini və ya müəlliflərini axtarmağa elə də çox vaxt lazım olmur. Məsələn, 2001-ci il sentyabrın 11-də ABŞ-də törədilən silsilə teraktlarda “əl-Qaidə”nin adının hallanmasına heç kim təəccüblənmədi, yaxud bu qruplaşmaya qara yaxıldığını dilə gətirmədi. Çünki “əl-Qaidə” davranışı və törətdiyi cinayətlərə əsasən bu “nüfuzu” qazanmışdı. Sonradan irəli sürülən mülahizələr öz təsdiqini tapdı. Quantonama həbsxanasında bu terrorla əlaqəsi olan qrup üzvləri həbsdə saxlanıldı.

“Crocus City Hall” terror cinayətinin açılmasında Rusiya daha maraqlı ölkədir. Bu baxımdan, Federasiyanın aidiyyəti qurumlarının məsələyə dair çoxsaylı əsaslarının olduğu da istisna edilmir.

Fransa Türkiyəyə qarşı fəaliyyət göstərən bütün terror qruplaşması təəssübkeşləri və tərəfdarlarının, bir sıra hallarda isə üzvlərinin, liderlərinin sığınacaq yeridir. Ötən əsrin əvvəllərində Fransada daşnaklar Osmanlı və Türkiyənin rəsmi dövlət adamları, diplomatlarını terror edib.

Sonralar bu sıraya ermənilərin ASALA terror təşkilatı da daxil oldu. Bu qruplaşma Fransanın himayəsi altında olan Livanın Beyrut şəhərində 1980-ci illərdə yaradılıb. Onun türklərə qarşı törətdiyi çoxsaylı cinayətlərin izləri tarixdə qalıb.

Bundan başqa, 1981-ci ildə bu ölkədə erməni gəncləri “Orli qrupu”terror qruplaşmasını qurub. Bu qrup 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib. “İntiharçılar eskadronu” adlı erməni terror təşkilatı 1981-ci ildə Parisdə yaradılıb. Bu terror qrupu Türkiyənin Fransadakı Baş Konsulluğunun binasına hücumda iştirak edib. Emmanuel Makronun prezidenti olduğu ölkədə 1990-cı ildə “Gənc ermənilər ittifaqı” yaradılıb. O, diplomatların oğurlanması ilə məşğul olub. 1991-ci ildə Fransada “Erməni azadlıq hərəkatı” (AOD) yaradılıb. O, ASALA ilə sıx şəkildə fəaliyyət göstərib.

Fransa Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında qalması istiqamətində ən çox fəallıq göstərən erməni havadarlarından idi. 2020-ci ildə 44 günlük müharibə zamanı da Fransa Ermənistanın Azərbaycanda törətdiyi cinayətlərin şəriki olduğunu göstərmişdi. Rəsmi Paris həmin günlərdə özünü terrorçu qruplaşmaların başçısı kimi aparırdı.

Yelisey sarayı Azərbaycanı könüllü olaraq tərk edərək Ermənistana getmiş erməni sakinləri ələ almaq üçün təkcə ötən ilin əvvəlində 12,5 milyon avro ayırmışdı. Sonrakı dövrdə bu rəqəm daha çox olub. Emmanuel Makron bu yaxınlarda Ukraynaya 2 min hərbçi göndərəcəyini bildirmişdi. Ehtimal olunur ki, onların bir hissəsi Qarabağdan könüllü olaraq Fransaya köç edən sakinlərdir. Onlar vaxtilə Qarabağda Azərbaycana qarşı silahlı hücumlarda iştirak etmiş köhnə döyüşçülərdir. Bu baxımdan, Makron hakimiyyətinin xüsusi xidmət orqanları sosial vəziyyəti ilə əlaqədar tora saldığı erməniləri Fransa dövlətinin adından Ukraynaya göndərməyə çalışır. Vaxtilə terrorçu PKK, İŞİD, ”əl-Qaidə” və başqa qruplaşmalar da sıralarına bu sayaq silahlı toplayıb. İndi Fransanın belə davranışı terror qruplaşmaların fəaliyyətini xatırladır.

Fransa hakimiyyəti Afrikada qalıb möhkəmlənmək, olduğu ölkələrin hakimiyyət orqanlarına təzyiq vasitəsi olaraq terrorçu qruplaşmalardan daim istifadə edib. Bu baxımdan, onun beynəlxalq terrorizmlə əlaqələri xəbəri də yenilik sayılmır. Fransanın “Lafarge” şirkətinə aid olan və Suriya ərazisində fəaliyyət göstərmiş sement zavodunun İŞİD terror qruplaşması ilə əlaqələri buna örnəkdir. Zavodun bu terror qruplaşması tərəfindən maliyyələşdirdiyi çoxdan təsdiqlənib. Türkiyə Milli Kəşfiyyat Təşkilatının keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorizmə xidmət göstərən bu sement zavodu darmadağın edilmişdi.

Bu və başqa məlumatlar Fransanın beynəlxalq terror hadisələrində əli olduğunu təsdiqləyir. Odur ki, “Crocus City Hall”da törədilən terror aktında Fransa xüsusi xidmət orqanlarının əli olduğu da istisna edilmir. Bu mənada, rəsmi Parisin azərbaycanəsilli iş adamlarına məxsus konsert zalında məlum terrorun törədilməsi də təsadüfi sayılmır. Yelisey sarayı bu cinayəti ilə Azərbaycanla Rusiya arasında əlaqələrə xələl gətirmək, Rusiyada dini və etnik zəmində nifaq yaratmağı hədəfləyə bilər. Çünki Azərbaycanın Cənubi Qafqazda Qərb və Şimalla güclü əlaqələrə malik yeganə dövlət olması faktını Fransa hakimiyyəti qəbul edə bilmir.

Yeri gəlmişkən, Fransa Rusiyadan ən çox təbii qaz alan Avropa İttifaqı ölkəsidir. 2024-cü ilin əvvəlindən bu ölkə Federasiyadan mayeləşdirilmiş təbii qazın (LNG) illik alışını 75 faiz artırıb. Bu da Aİ-nin istənilən digər ölkəsinin göstəricilərini üstələyir.

“Politico”nun məlumatına görə, 2024-cü ilin ilk üç ayında Fransa Rusiyadan 600 milyon avrodan çox LNG alıb.

Qeyd edək ki, rəsmi Paris Avropa İttifaq ölkələrini Azərbaycanın təbii qazından imtina etməyə çağırıb. Bu isə deməyə əsas verir ki, Fransa energetika bazarında da Azərbaycan üçün problem yaratmağa cəhd göstərir.

Rəsmi Bakının mövqeyi Parisə Cənubi Qafqazda at oynatmağa mane olur. Rusiya ilə Azərbaycanın münasibətlərinin korlanması isə vəziyyətin Qərbə doğru dəyişməsinə təkan verər. Belə hal isə Parisin əlini gücləndirər. Bu kimi səbəblərə görə Fransa Azərbaycanın hətta Qərb bloku ilə də münasibətlərinin inkişafına mane olmağa çalışır. Beləliklə, müstəmləkəçi, insan alverçisi Fransa bundan sonra beynəlxalq aləmdə həm də terrorçuluğun sponsoru olaraq tanınacaq.